Premyer Liqada ilk qolunu vuran futbolçu: "Bunun üzərində işləmişdik" MÜSAHİBƏ
- 07 Okt 2024 15:00
- 295
"Turan Tovuz"un futbolçusu Faiq Hacıyev "Zirə" ilə oyundan sonra Rekord.az-a müsahibə verib:
- Faiq öncə təbriklər. Həm qələbə, həm də qol münasibəti ilə. Premyer Liqada ilk qolun idi. Təəssüratlarını bilmək maraqlıdı.
- Çox sağ olun. Çox vacib oyun idi, özümüz də ciddi hazırlaşmışdıq, doğma meydançada qələbə haqda düşünürdük. Çox şadam ki, bunu bacardıq. Çətin oldu, rəqib də güclü rəqib idi, amma əzmkarlığımız sonda nəticəsini verdi. Vurduğum qola gəılincə, bundan öncə "Turan Tovuz" formasında "Kəpəz"lə oyunda fərqlənmişdim. Amma həmin oyun kubok oyunu idi. Çempionatda ilk qolum idi. İkiqat şadam ki, vurduğum qol komandama vacib qələbə gətirdi.
- Qol epizodunda sanki əvvəl qapıya yaxın dayanmışdın, künc zərbəsindən top qalxandan sonra bir qədər geri çəkildin. Təsadüfən oldu, yoxsa, nə isə hiss elədin?
- Ümumiyyətlə, məşqlərdə künc zərbələri üzərində işləyirik. Yəni təsadüf deyildi.
- Bu qələbə sayəsində turnir cədvəlində 2-ci pilləyə yüksəkdiniz. Necə düşünürsən. qışa qədər ilk "üçlük"də qalmağı bacaracaqsınız?
- Hər oyuna qələbə üçün çıxırıq. Biz də istəyirik ki, üst sıralardan qopmayaq, Yəni bu məsələdə hər şey özümüzdən asılıdıt.
- Səncə, hazırkı heyət "Turan Tovuz" avrokuboklara düşmək üçün kifayət edəcək?
- Yaxşı heyətimiz var. Yəqin ki, ehtiyac olsa, qışda komanda daha da güclənəcək. Bu haqda qərarı baş məşqçi, klub rəhbərliyi verir. Hazırkı heyətimizdə də yaxşı futbolçular var. Ümumiyyətlə, "Turan Tovuz"da mehriban kollektiv formalaşıb, bir ailə kimiyik. Oyuna da çıxanda hamı maksimum nəticə haqda düşünür. Düzdür, mövsüm yeni başlayıb, çempionatın sonuna çox var. İndidən kimin hansı yer tutacağını demək çox çətindir. Amma biz hədəf olaraq üst sıraları hədəfləmişik.
- Milli komanda perspektivin haqda nə düşünürsən? Faiq nə qədər artırmalıdır ki, milli komandaya da dəvət alsın?
- Biz futbolçuyuq, bizim işimiz futbol oynamaqdır. Əgər davamlı yaxşı oynasam, qollar vursam, oyunumu daha da inkişaf etdirsəm, yəqin ki, milliyə də dəvət alaram. Hər halda, bu qərarı milli məşqçiləri verir. Amma milli formanı geyinmək hər bir futbolçunun arzusudur.
Anar XANLAROV