Formula 1 üzrə Azərbaycan qran-prisi bu gün başa çatıb.


Rekord.az xəbər verir ki, Bakıda təşkil olunan yarışda "Mersedes"in pilotu Corc Rassell finişə birinci çatıb.


51 dövrə davam edən mübarizədə britaniyalı pilot bütün rəqiblərini geridə qoyaraq Bakıdakı ilk qələbəsini rəsmiləşdirib.


"Red Bull"un sürücüsü Maks Ferstappen yarışı ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü pillədə başa vurub.


Qeyd edək ki, Bakı treki 20 döngədən və 51 dövrədən ibarətdir. Yarışın ümumi məsafəsi 306,049 kilometr təşkil edir.


Azərbaycan qran-prisi yenə qəzasız ötüşməyib. Əvvəlcə "Uilyams"ın pilotu Aleksandr Albon qəza törədib. Onun idarə etdiyi bolid baryerə dəyib. Trasa təhlükəsizlik maşını girib və sürücü mübarizəni dayandırmalı olub. Daha sonra "Maklaren" komandasının pilotu Lando Norris ilə "Alpin"in sürücüsü Pyer Qaslinin bolidləri bir-birinə dəyib. Toqquşma nəticəsində hər iki pilot mübarizəni dayandırıb. "Aston Martin"in pilotları da əsas yarışda mübarizəni erkən dayandırıblar. Öncə Lens Stroll, daha sonra Fernando Alonso uğursuzluqla üzləşib.


Yarışdan sonra qaliblər mükafatlandırılıb. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyanın (FIA) prezidenti Məhəmməd Ben Sulayem, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak ediblər. "Üçlüy"ə mükafatları müvafiq olaraq Məhəmməd Ben Sulayem, Fərid Qayıbov və Anar Ələkbərov təqdim ediblər.