Dünən "Sabah" Futbol Klubu UEFA Çempionlar Liqasında meydana çıxacağı ev matçlarına bilet satışına start verib. "Rekord.az"-ın əldə etdiyi məlumata görə, artıq 7 849 kombo-bilet satılıb.

 

Kombo bilet azarkeşlərə 1 bilet almaqla "Sabah"ın bütün 4 ev oyununu - "Sparta" (Çexiya), “Borussiya” (Almaniya), "Barselona" (İspaniya) və “Napoli” (İtaliya) tribunadan izləmək imkanı verir. Qiymətlər 35 – 285 manat aralığındadır.

 

Klubdan bilet satışı barədə “Rekord.az”-a açıqlama verilib. Onu sizə təqdim edirik:

“UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyimiz ev oyunlarına azarkeşlər tərəfindən böyük maraq göstərilir. Satışın ilk mərhələsində təqdim olunan biletlərin qısa müddətdə alınması da bunu bir daha göstərir.

Dörd ev oyunu üçün biletlərin vahid formada satışa çıxarılmasında əsas məqsəd Çempionlar Liqasında “Sabah”ın bütün qarşılaşmalarını stadiondan izləmək və komandamıza hər oyunda dəstək olmaq istəyən azarkeşlər üçün daha əlverişli imkan yaratmaqdır. Dörd qarşılaşmaya giriş imkanı verən biletlərin Çempionlar Liqası səviyyəli oyunlar üçün münasib qiymətə təqdim olunması da məhz azarkeşlərin maraqları nəzərə alınaraq müəyyənləşdirilib.

Bu satış modeli azarkeşlərin hər oyun öncəsi ayrıca bilet axtarmasına ehtiyacı aradan qaldırır, onlara əvvəlcədən bütün ev qarşılaşmalarında yerlərini təmin etmək imkanı verir. Xüsusi olaraq qeyd edim ki, biletlər tükənməyib. Satış prosesi daha çox azarkeşin bilet əldə edə bilməsi və sistemdə yarana biləcək sıxlığın düzgün idarə olunması məqsədilə mərhələli şəkildə həyata keçirilir.

Klub olaraq azarkeşlərimizin göstərdiyi böyük marağı yüksək qiymətləndirir və anlayışlarına görə təşəkkür edirik. İnanırıq ki, Çempionlar Liqasının bütün ev oyunlarında tribunaları birlikdə dolduracaq və komandamıza güclü dəstək verəcəyik”.