Azarkeşlərin qazandığı 7 xal
- 13:32
- 95
Misli Premyer Liqasının 6-cı turunun rekordu yenə də Gəncədə qeydə alınıb. Gəncəli azarkeşlər bu dəfə doğma “Kəpəz”i “Sumqayıt”la oyunda tək qoymayıb, yeni açılmış şəhər stadionunun tribunalarını doldurmağı bacarıblar. Peşəkar Futbol Liqasının açıqladığı rəsmi rəqəmlərə əsasən “Kəpəz” – “Sumqayıt” qarşılaşmasını tribunalardan 14 min 500 azarkeş izləyib. Mən cəsarətlə azarkeş sözünü yaza bilərəm. Çünki tribunada yerini alan gəncəliləri say xətrinə ora doldurmurlar. Onlar teatra, tamaşaya, kinoya gələnlərə də bənzəmirlər. Sözün əsl mənasında azarkeşlik edir, “Kəpəz”ə yetərincə dəstək verib, rəqibə təzyiq göstərməyi bacarırlar.
Elə PFL-in açıqladığı rəsmi rəqəmlər çox maraqlı, eyni zamanda üzücü bir mənzərəni ortaya qoyur. Belə ki, Premyer Liqanın 6-cı turundan keçirilən altı qarşılaşmanı ümumlikdə tribunalarda 22 min 750 nəfər izləyib. Bu rəqəmdən gəncəli futbolsevərlərin sayını çıxanda qalıq 8250-ə bərabər olur. Çox ciddi rəqəm fərqidir. Təsəvvür edin, Gəncədəki azarkeş sayına qalan beş oyundakı say heç yaxın da düşə bilmir. “Kəpəz” – “Sumqayıt” oyununu tribunadan izləyənlərin sayı qalan ümumi cəmi 50 faizə yaxın qabaqlayır. İkinci yerdəki “Turan Tovuz” – “Zirə” matçındakı azarkeş sayı 4000 nəfər olub ki, bu sayın özü Gəncədəki azarkeş sayından üç dəfədən də xeyli azdır.
Mən rəqəmlərin diliylə çox danışıb, sizi yormaq istəmir. Bu rəqəmlər təkcə statistika deyil, həm də Gəncədə futbolun necə sevildiyinin göstəricisidir. “Kəpəz” Gəncədə yaşayan insanların həyatının bir parçasıdır və onlar öz sevimli komandaların sahib çıxmağı, onun doğma şəhərdə keçirdiyi oyunlar zamanı tribunalarda varlıq göstərməyi bacarırlar. “Nizami yurdu”nda tikilib istifadəyə verilən yeni stadion da elə həmin azarkeşlərin səviyyəsinə uyğun alınıb. Sanki yeni stadionun gözəlliyi, onun müasir dövrün tələblərinə cavab verməsi də bu prosesi yeni mərhələyə daşıyıb, azarkeşlər həftəsonu istirahətlərini keçirmək, eyni zamanda da dincəlmək üçün əla məkan tapıblar.
Bu görüntüyə sevinməmək, onu ortaya çıxaran azarkeşlərə minnətdar olmamaq mümkün deyil. Hətta bunu etməmək ədalətsiz davranış olar. Ona görə də mən Gəncədəki azarkeş sayının, “Kəpəz”in ev oyunları zamanı yaranan görüntülərinin üzərində dayanmağı, mövzuya toxunmağı özümə borc bildim. Amma bir məsələ də var ki, onu da qeyd etməliyik. Həmin məsələ də “Kəpəz”in legionerlərinin aşağı səviyyəli oyunudur. Gəncəli azarkeşlər daha yaxşı komandaya, daha böyük qələbələrə layiqdir. Diqqət yetirin, “sarı-göylər”in aktivində 7 xal var və komanda bu xalların hamısını doğma meydanda qazanıb. “Qərb derbisi” saydığımız “Turan Tovuz”la oyun bayram ab-havasında keçdi, futbolçular əsl xarakter göstərib, iddialı rəqibini büdrədə bildilər. Elə bu oyunun eyforiyası onları “Şamaxı” ilə oyunda “yandırdı”. “Sumqayıt”la qarşılaşmada da boşa verilən fürsətlər isə az qalmışdı ki, məğlubiyyətə səbəb olsun. Elə həmin çılğın azarkeş dəstəyinin sayəsində “Kəpəz” cavab qolunu vurub, məğlubiyyətdən xilas ola bildi.
Davamını gətirmək vacibdir. Daha yaxşı oynamaq, daha güclü komandalardan xal qoparmaq, “Kəpəz”in iddialarını böyütmək vacibdir. Bu azarkeşə layiq olan da odur. Onları davamlı qələbələrlə sevindirib, mükafatlar uğrunda yarışmaq lazımdır ki, tribunalardakı möhtəşəm görüntülər də davam etsin. Yoxsa həm “Kəpəz” itirəcək, həm də Azərbaycan futbolu.