Dünya Güləş Birliyi (UWW) ilin sonunda pul mükafatı verəcəyi yunan-Roma güləşçilərinin adını açıqlayıb.

Rekord.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, mükafatı reytinqin ilk üç pilləsində yer alan pəhləvanlar alacaq.

Ən yüksək yeri tutan idmançı 10 min ABŞ dolları, ikinci yerin sahibi 7 min, üçüncü olan güləşçi isə 3 min dollar əldə edəcək.

Mükafatçılar sırasında Azərbaycan millisinin 4 üzvü də var. 82 kq çəki dərəcəsində ilk sırada olan Rafiq Hüseynov 10 min dollar alacaq. Üçüncü yerdə qərarlaşan Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sənan Süleymanov (77 kq) isə uyğun olaraq 3 min dollar qazanacaqlar.

UWW daha öncə sərbəst güləş üzrə mükafatçıların siyahısını açıqlamışdı. Bu növdə Azərbaycandan yalnız Osman Nurməhəmmədovun adı yer alıb. Legioner güləşçimiz 92 kq-da üçüncü yerin sahibi kimi 3 min dollar əldə edəcək.