Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov federasiyanın təşkil etdiyi məşqçi hazırlığı proqramı çərçivəsində keçirilən “1-ci dərəcə” və “2-ci dərəcə” məşqçi kurslarının iştirakçıları ilə görüşüb. "Rekord.az" xəbər verir ki, GİN-in Voleybol Mərkəzində təşkil olunan görüşdə federasiya rəhbəri məşqçi kurslarının əhəmiyyətinə toxunaraq bildirib ki, müasir voleybol daim yenilənən yanaşmalar, texnologiyalar və metodikalar üzərində inkişaf edir.
Bu baxımdan, məşqçilərin bilik və bacarıqlarını mütəmadi şəkildə artırması, beynəlxalq təcrübə ilə ayaqlaşması vacib amillərdən biridir. Diqqətə çatdırılıb ki, ötən ildən start verilən bu layihə çərçivəsində həyata keçirilən proqramlar, xüsusilə uşaq voleybolu üzrə çalışan məşqçilərin peşəkar inkişafına güclü təkan verir. Vurğulanıb ki, gələcək uğurların təməli məhz aşağı yaş qruplarında qoyulur və bu uşaqlarla çalışan mütəxəssislərin hazırlıq səviyyəsi ümumi inkişaf strategiyasında həlledici rol oynayır.
Eyni zamanda qeyd olunub ki, bu cür kurslar yalnız nəzəri biliklərin artırılması ilə kifayətlənmir, həm də məşqçilər arasında təcrübə mübadiləsinin aparılması, vahid məşqçilik yanaşmasının formalaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.
Ş.Bağırov federasiyanın bu istiqamətdəki fəaliyyətini bundan sonra da davam etdirəcəyini bildirib və kurs iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) məşqçi-müəllimi Cengiz Akarçeşmenin rəhbərliyi ilə keçirilən təlimlərə ümumilikdə 50 nəfər qatılıb.İştirakçılar həm Bakıdan, həm də müxtəlif regionlardan seçilərək bu prosesə cəlb olunublar ki, bu da proqramın ölkə üzrə əhatə dairəsinin genişləndirilməsinə xidmət edir.