Avrokuboklar mövsümü yaxınlaşdıqca yerli azarkeşlərlə bağlı məsələ yenidən gündəmə gəlir. Baxmayaraq ki, Avropa çempionatına azarkeş buraxıldı, dövlət, AFFA 30 min azarkeşin qəbulu ilə bağlı zəmanət verdi, amma yerli klubların avrokubok oyunları ilə bağlı nikbin düşünmək olmur. Məntiqlə Avropa çempionatını azarkeşlə qəbul edən ölkə avrokuboklarda öz klublarının ev oyunlarına da 300-500 azarkeşin buraxılmamasına problem yaratmamalıdır. Lakin hazırkı reallıq nikbinlik yaratmır. Klublardan bu məsələ ilə bağlı səs-soraq yoxdur. Belə baxanda klubları qınamaq olmur, onlarlıq da bir şey yoxdur. "Qarabağ" xaric, digərləri birbaşa AFFA-ya tabeidir. Yəni onların oyunlarına azarkeşin buraxılıb-buraxılmayacağı ilə bağlı qərarı federasiya verəcək. Daha doğrusu, azarkeş buraxılması ilə bağlı Operativ Qərargaha müraciət edib-etməməklə bağlı qərarı AFFA verməlidir. Hazırlkı reallığa, yoluxma, sağalma, ölüm sayına nəzər salsaq, vəziyyət qənaətbəxşdir. Yəni AFFA OQ-a müraciət etsə ki, avrokuboklar üçün 500 azarkeşin stadiona buraxılmasına icazə verilsin, dövlətin buna "yox" deməsi üçün ciddi səbəb yoxdur. 

Məsələyə münasibət öyrənmək üçün Çempionlar Liqasında çıxış edəcək "Neftçi" ilə Konfrans Liqasında mübarizə aparacaq "Sumqayıt"a müraciət etdik.

 

Rekord.az-a açıqlama verən hər iki klubun mətbuat xidmətinin rəhbəri gözlədiyimiz cavabı verdi. Həm "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyev, həm də "Sumqayıt"ın mətbuat katibi Rəşad Məmmədov bildirdi ki, bu, onların səlahiyyətində olan məsələ deyil. Yəni azarkeşlə bağlı qərarı Operativ Qərargah verməlidir. Operativ Qəragaha müraciət hüququ isə klublara yox, yalnız AFFA-ya məxsusdur.

 

Bir sözlə, həm avrokuboklar, həm də növbəti mövsüm üçün azarkeşləri stadiona buraxılması üçün ilk növbədə AFFA-nın Operativ Qərargaha müraciəti lazımdır. Müraciət olmayacağı təqdirdə, pandemiya yer kürəsində bitənə qədər bizim azarkeşlər də stadiona həsrət qalacaq.