“Sabahın Ulduzları” layihəsi çərçivəsində keçirilən “Bakı Kuboku uğrunda yarışlar – 2026” turnirində müxtəlif nominasiyalar üzrə ən yaxşı futbolçular müəyyənləşib.


Rekord.az xəbər verir ki, U-14 və U-15 yaş qruplarında mübarizə aparan gənc futbolçular arasında turnirin ən yaxşı oyunçuları, eləcə də ayrı-ayrı mövqelər üzrə fərqlənənlər seçilib.


U-14 yaş qrupunda turnirin ən yaxşı oyunçusu adına “Ulduz” FA-nın futbolçusu Uğur Hüseynli layiq görülüb. Ən yaxşı qapıçı mükafatı “Qarabağ” FK-dan Hüseyn Qurbanova, ən yaxşı müdafiəçi mükafatı “Sabah” FK-nın üzvü Ramiz Qarayevə təqdim olunub.


“Qarabağ”ın futbolçusu İbrahim Müzəəffərli ən yaxşı yarımmüdafiəçi, “Ulduz” FA-nın üzvü Hünər Səmədli isə ən yaxşı hücumçu seçilib.


U-14-də bombardir adına “Neftçi” PFK-nın futbolçusu Adil Şabanov yiyələnib. O, turnirdə 23 qol vurub.


“Sabahın Ulduzu” mükafatı isə “Azərbaycan Qartalları” FK-nın futbolçusu Emir Əmirxanova verilib.


U-15 yaş qrupunda turnirin ən yaxşı oyunçusu “Neftçi” PFK-nın üzvü Emil Quliyev seçilib. Ən yaxşı qapıçı adına “Qarabağ”dan Yusif Məmmədli, ən yaxşı müdafiəçi adına “Ulduz” FA-dan Asif Allahverdizadə layiq görülüb.


EFA-nın futbolçusu Hüseyn Novruzlu ən yaxşı yarımmüdafiəçi, “Ulduz” FA-nın üzvü Yusif Əlizadə isə ən yaxşı hücumçu seçilib.


U-15 yaş qrupunun bombardiri “Neftçi” PFK-nın futbolçusu İlham Qubadov olub. O, turnirdə 15 qol vurub.


“Sabahın Ulduzu” mükafatı isə EFA-nın futbolçusu Şahin Qasımzadəyə təqdim olunub.


Qeyd edək ki, U-14 yaş qrupunda ilk üç pilləni “Qarabağ” FK, “Sabah” FK və “Ulduz” FA tutub. U-15-də isə “Ulduz” FA qalib olub, “Neftçi” PFK ikinci, “Qarabağ” FK üçüncü yeri tutub.