​2026/27 mövsümündən etibarən Azərbaycan Basketbol Liqasında (ABL) idarəetmə və inkişaf yanaşması köklü şəkildə dəyişir. 


Rekord.az xəbər verir ki, ölkə basketbolunun keyfiyyətini artırmaq, klublar arasında rəqabəti gücləndirmək və azarkeş axınını stimullaşdırmaq məqsədilə yeni maliyyələşdirmə modeli tətbiq olunur.

​

Yeni sistemin əsas fəlsəfəsi sadədir: "Daha çox qələbə və daha çox azarkeş, daha çox maliyyə dəstəyi". Ümumi büdcə əvvəlki illərlə oxşar səviyyədə saxlanılsa da, vəsaitlərin bölüşdürülməsi artıq zəmanətli ödənişlərə deyil, klubların performansına və müəyyən edilmiş şərtləri yerinə yetirməsinə əsaslanır.  


​Yeni maliyyələşdirmə modelinin 5 əsas şərti aşağıdakılardır:


​Azarkeş Dəstəyi (Tribuna Bonusu): Hər oyuna ən azı 300 azarkeş cəlb edən klub, hər matç üçün 3.000 AZN qazanacaq. Mövsüm ərzində keçirilən 21 oyunda bu şərti ödəyən klub büdcəsinə əlavə 63.000 AZN cəlb edə bilər.

 

​Qələbə Bonusu: Qazanılan hər qələbə 10.000 AZN dəyərində qiymətləndirilir. Mövsüm ərzində maksimal qələbə göstəricisi ilə klublar 210.000 AZN-ə qədər mükafat əldə edə bilərlər.


​Yarımfinala Vəsiqə: Mövsümün sonunda pley-off 'un yarımfinal mərhələsinə vəsiqə qazanan hər 4 klubun hər birinə əlavə 150.000 AZN ayrılacaq.

 

​Vitse-çempionluq mükafatı: Çempionatı ikinci yerdə başa vuran komandaya 700.000 AZN həcmində əlavə maliyyə dəstəyi veriləcək.

 

​Çempionluq Mükafatı: Ölkə çempionu olan klub 1.400.000 AZN əlavə mükafat qazanacaq.


Qeyd edək ki, ABL-də yeni mövsümə başlayan bütün klublar şərtsiz olaraq 300.000 AZN alacaqlar.