UEFA bir sıra turnirlərin finalına azarkeşlərin buraxılmasını təsdiqləyib. Məsələn, Polşanın Qdansk şəhərində keçiriləcək Avropa Liqasının həlledici oyununu 9500 fanat izləyəcək. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Final görüşünə stadionun tutumunun 25 faizi qədər azarkeş buraxılacaq. Çempionlar Liqasının həlledici oyununda da fanatlar iştirak edəcək. Qitə futbol qurumu İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq oyuna 25 min tamaşaçının buraxılacağını açıqlayıb. Qarşılaşmada iştirak edəcək komandaların hər birinin 4000 azarkeşi üçün bilet satışı təşkil olunacaq. Bakıda isə AÇ-2020-nin 4 oyunu keçiriləcək. Yuxarıdakı məlumatları nəzərə alıb, düşünürdük ki, ölkəmizdə də futbol matçlarına azarkeşlər buraxılacaq. AFFA-nın AÇ-nin oyunları üçün Bakı Olimpiya Stadionunun tutumunun 50 faizi qədər fanatların matçları izləmək öhdəliyini üzərinə götürməsi bir çoxlarını bu yöndə ümidləndirmişdi.


İki gün öncə PFL prezidenti Ramin Musayev mediaya müsahibəsində ölkə kubokunun finalına azarkeşlərin buraxılması üçün Operativ Qərargaha müraciət etdiklərini dilə gətirmişdi. Qurum rəsmisi bu məsələdə müsbət cavab gözlədiklərini də bildirib. AFFA-nın Nazirlər Kabineti yanında Operativ Qərargaha nə vaxt və hanşı şərtlərlə müraciət etdiyini öyrənmək üçün assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. O, məsələ ilə bağlı məlumatının olmadığını dilə gətirdi.


Məsələ ilə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. Belə ki, AFFA, ümumiyyətlə, Operativ Qərargaha müraciət etməyib. Ramin Musayev isə bunun əksini açıqlayıb. Həqiqətən belədisə, AFFA-da niyə bundan xəbərdar deyillər? Olmaya PFL prezidenti belə açıqlama verməklə gündəmə gəlmək istəyir? Sual çoxdu, cavab yox... ("Futbol plus")