Futbol üzrə Azərbayan millisinin hücumçusu Rüfət Dadaşov ABŞ-ın "Finiks Rayzinq" klubundakı durumundan danışıb.

Rekord.az xəbər verir ki, o, Almaniyanın "Bild" nəşrinə açıqlamasında bunları söyləyib:

“ABŞ-də işlərim əla gedir. İnsanlar və komanda yoldaşlarım həqiqətən mehriban və qayğıkeşdirlər. Dil və ünsiyyət artıq mənim üçün problem deyil. Laura və mən özümüzü tamamilə rahat hiss edirik".

29 yaşlı forvard bildirib ki, Milli Futbol Liqasında 2019/2020 mövsümü başa çatdığı üçün Almaniyaya qayıdacaq: "Əvvəlcə tətilə çıxacağıq. Bir ildir görmədiyimiz ailəmizi və yaxınlarımızı ziyarət etmək üçün Berlinə gedəcəyik".

Pandemiya səbəbindən yeni mövsümün nə vaxt başlayacağını bilmədiyini söyləyən Dadaşov hazırlığa 2021-ci ilin yanvarında start verəcəklərini vurğulayıb. Hazırkı klubu ilə 2021-ci ilin noyabrınadək müqaviləsi olan forvard sabiq komandası olan Almaniya "Proyssen"indən danışıb: "Komandada nə baş verdiyindən xəbərsizəm. Amma onları yenidən 3-cü Bundesliqada görməkdən şad olaram".

Qeyd edək ki, Rüfət Dadaşov ötən mövsümü 11 qol və 4 məhsuldar ötürmə ilə başa vurub. Komandası isə çempionatın qalibi olub.