Emil Balayev: "2.5 ili zədələrimə görə itirdim - MÜSAHİBƏ
- 12:45
- 37
"Neftçi"nin və milli komandanın qapıçısı Emil Balayev Rekord.az-a müsahibə verib:
- Son turda "Qəbələ"ni məğlub etdiniz. Hədəfiniz məlumdu. Bu hədəfə çatmaq mümkün olacaq?
- "Neftçi"nin adının qarşısında hər zaman yüksək hədəflər qoyulub. Bunu hələ mövsüm öncəsi toplantıda rəhbərlik də deyib. Buna görə çempionatın başından çalışmışıq ki, maksimum nəticələr qazanaq. Yalnız "Zirə" ilə oyunda xal itkisinə məruz qaldıq. Qalan bütün oyunlardan 3 xalla ayrılmışıq. Qarşıda millinin oyunları ilə bağlı fasilə var, milliyə gedənlər gedəcək, qalanlar bir neçə günlük fasilədən sonra baş məşqçinin tapşırıqlarına əsasən növbəti oyunlara hazırlaşacaq.
- "Sabah"la oyuna...
- Bəli. Onsuz "Sabah"la oyuna qədər bir yoldaşlıq oyunumuz da olacaq. Amma ümumi plan "Sabah"la oyunma hazırlıqdı.
- Həm də milliyə dəvət almısan və gözlənilir ki, baş məşqçi çərçivəni sənə etibar eləsin. Qarşıda bizi iki vacib oyun gözləyir. Millidən nə gözləyək?
- Əsas oyunlardan öncə bir yoldaşlıq matçımız da olacaq. Çalışırıq ki, son vaxtlar yaxşı nəticələr əldə etməsək də, oyun baxımından nə isə ortaya qoyaq. Çoxları da etiraf edər ki, son zamanlar bu baxımdan millidə yüksəliş var. Millinin hər üzvündə əzmkarlıq, ruh yüksəkliyi var. Vətən sevgisini də bura əlavə edib çalışacayıq ki, ölkəmizi, bayrağımızı layiqincə təmsil edək.
- Bir ara ölkənin ən perspektivli qapıçılarından hesab olunurdun. Lakin sonradan sanki kölgəyə çəkildin. Bu gün amma 32 yaşında yenidən gündəmdəsən, "Neftçi"də əsas heyətdə dayanırsan, böyük ehtimalla millidə də bu şansı qazanacaqsan. Aradakı zaman kəsiyində nə baş verdi?
- Bu, bir çox futbolçunun karyerasında qaçılmaq məqamdı.
- Enişin olması...
- Eniş deməzdim. Mənim karyeramda çox saylı əməliyyatlarım oldu, zədə ilə bağlı. Bu zədələrdən sonra özümə gəlmək çətindi, Təbii ki, vaxt da gedir. Sırf 2.5 ili mən son zədələrimə görə itirdim. Şükür Allaha ki, indi hər şey qaydasındadır. Təşəkkür edirəm "Neftçi" klubunun rəhbərliyinə, tibbi personala, eləcə də milli komandaya ki, birlikdə mənə çox dəstək oldular. Ard arda iki çətin əməliyyat keçirdim, uzun müddət futbolsuz qaldım, yaşıl meydançalara çıxmadım. Bu müddətdə də futbol üçün çox darıxdım. Buna baxmayaraq, zədədən sonra bütün bütün gücümlə çalışdım ki, qısa müddətdə sıraya dönə bilim. Məşqçilər də sağ olsunlar ki, etimad göstərdilər, inandılar.
Anar XANLAROV