Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.


Rekord.az xəbər verir ki, kişilərdən ibarət komanda 6-cı turda Argentina ilə üz-üzə gəlib.


Görüş yığmamızın 2,5:1,5 hesablı üstünlüyü ilə bitib. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Məhəmməd Muradlı heç-heçəyə razılaşıb, Aydın Süleymanlı isə rəqibinə qalib gəlib.


Qadın şahmatçılarımız isə Qazaxıstana 1,5:2,5 hesabı ilə uduzublar. Xədicə Balacayeva, Gövhər Beydullayeva və Gülnar Məmmədova rəqibləri ilə bərabərə qalıblar, Günay Məmmədzadə isə məğlub olub.


Bundan əvvəl kişilərdən ibarət komanda Mərakeşi (4:0), Filippini (3:1) və İsveçrəni (3:1) üstələyib, Çexiya (2:2) və Rumıniya (2:2) ilə heç-heçə edib. Qadın millisi isə Qvatemala (4:0), Danimarka (4:0), İsveç (2,5:1,5), İngiltərə (2,5:1,5) və Serbiya (3:1) üzərində qələbə qazanıb.


6 turdan sonra Azərbaycanın kişilərdən ibarət yığması 8 xalla turnir cədvəlində 11-ci, qadınlardan ibarət kollektiv isə 10 xalla 4-cü pillədə qərarlaşıb.