BCF-dən Bakıda cüdo məşqçiliyi üzrə sertifikat proqramı
- 10 Avq 2026 23:20
- 39
Bakıda Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına start verilib.
Rekord.az xəbər verir ki, ACF və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən proqramda ümumilikdə 62 məşqçi iştirak edir.
Onlardan 39-u Azərbaycanı, digər iştirakçılar isə Hindistan, Tacikistan, Cibuti, Niderland, Finlandiya, ABŞ və Rusiyanı təmsil edir.
Proqram çərçivəsində nəzərdə tutulan seminarlar BCF Akademiyasının ekspertləri tərəfindən keçirilir. Təlimlər zamanı iştirakçılara cüdo məşqçiliyinin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki biliklər təqdim olunur. Proqramı uğurla başa vuran məşqçilər BCF Akademiyasının beynəlxalq sertifikatı ilə təltif ediləcəklər.
Bakıdakı proqram BCF Akademiyasının 10 illik fəaliyyəti ərzində təşkil olunan 150-ci sertifikat proqramı olması ilə xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan indiyədək BCF Akademiyasının 6 sertifikat proqramına ev sahibliyi edib.