Nəriman Amerikanı niyə kəşf edə bilmədi?
- 11:07
- 85
Türkiyə türklərinin çox bəyəndiyim bir sözü var. Deyirlər ki, “egitim şart”. Bu deyimin mənasını uzun-uzadı izah etməyə ehtiyac duymuram. Qardaşlarımız təhsilin, hər hansı bir işi yaxşı görmək üçün oxumağın necə vacib olduğundan bəhs edirlər. Hansı işin qulpundan yapışırsansa-yapış, fərq etməz. Orda uğur qazanmaq üçün mütləq təhsilin, dünyagörüşün olmalıdır.
İnanın ki, futbolda da belədir. Sizə elə gəlməsin ki, yaxşı futbolçu olmaq üçün təkcə istedad yetərlidir. Nə qədər azərbaycanlı futbolçu görümüşük ki, uşaq və yeniyetmə vaxtında ondan həvəslə bəhs edilib, “gələcəyin ulduzu” gözüylə baxılıb. Amma elə ki, həmin uşaq böyüyür, peşəkar futbola addımlarını atır, yavaş-yavaş həmin o “ulduz” da sönməyə başlayır. Çünki bizim böyük ümidlər bəslədiyimiz həmin futbolçu istedadını inkişaf etdirib, peşəkar səviyyəyə çatdıra bilmir. Ya davranışında problem yaranır, ya da məşqlərə və məşqçilərinə münasibətində. Yetərincə nümunələr çəkmək olar, amma problem ümumidir, ayrı-ayrı adları yazıb, məsələni fərdiləşdirmək istəmirəm.
Ötən mövsümdən Azərbaycanda legioner limiti ləğv olundu. Bu ləğvin tərəfdarlarının iki arqumenti var idi. Birincisində deyirdilər ki, limitin ləğvi bizimkilərin Azərbaycanı tərk edib, xarici klublarda oynamasını sürətləndirəcək. Bununla da milli komandaya hazır futbolçular çağırılacaq. İkincisi də klublarımızın legionerlərin sayəsində güclənəcəyi, avrokuboklarda yeni tarixlər yazacağıq. Nə oldu, bu arqumentlər rellaşdımı? Əlbəttə ki, yox. Birinci məsələyə daha geniş toxunmamış onu xatırladım ki, heyətində az qala hər qitədən bahalı legionerlər olan “Neftçi” öz meydanında Minsk “Dinamo”suna uduzdu. “Zirə” Estoniya “Payde”sinin qarşısında “ağ bayraq” qaldırdı. “Sabah”la “Qarabağ” da bu mərhələdəki ilk görüşlərini uduzublar, azarkeşlər əllərini göyə qaldırıb, cavab oyununda qələbə qazanmağımız üçün dua edirlər. Deməli, legionerlərin say çoxluğu heç də bizim klubların keyfiyyətini yüksəltməyib.
Azərbaycanlı futbolçuların legioner həyatı yaşaması isə illərdir bizim ağrılı yerimizdir. “Biləcəridən o taya” keçənlərimiz ara-sıra onsuz da olurdu. Limitin ləğvindən sonra bu sayda artım baş verməyib. Az-çox Mahir Emreli oralarda ləngiyə bilir. Digərlərinin hansısa uğurundan danışmaq mümkün deyil. Onların çıxış etdiyi klublar səviyyəcə elə bizimkilərlə eynidir. Belədə hansısa inkişaf gözləyib, Albaniya və bu kimi digər ölkələrdə çıxış edənlərin millidə liderə çevriləcəyini gözləmək inandırıcı görünmür.
Nəriman Axundzadəni lap uzağa göndərmişdik. Adam okeanın o tayına yollanmış, “Kolambus Kryu”ya transfer olmuşdu. Təəssüf ki, Nərimanın Amerika macərası təxminən 6 ay çəkdi. Bu 6 ay ərzində həmyerlimiz yeni klubunda doğru-düzgün şans qazanıb, özünü göstərməyi bacarmadı. Ssenari həmişəki kimi oldu. “Kolambus Kryu”da məşqçi dəyişikliyi baş verdi, yeni məşqçi də heyətdə Nəriman adında azərbaycanlı futbolçunun olduğunu “unutdu”. Axundzadə Azərbaycana qayıtmasa da, sərhədlərimizə çox yaxınlaşıb. İndi onun “Ərzurumspor”da özünü göstərib, şans qazanması üçün dua etməliyik. Zarafat deyil, “dadaşlar” Nərimanı “Çırpınırdı Qara dəniz” mahnısıyla təqdim edib. Türkün şanlı bayrağını layiqincə təmsil etmək lazımdır.
Bu yerdə türklərin “egitim şart” deyimi adamın yadına düşür. Bizimkilər normal uşaq futbolu məktəbi keçib, əsl peşəkar futbolçu kimi yetişməyincə belə olacaq. Adlar dəyişəcək, problem isə eyni qalacaq. Legioner limitinin ləğvi ilə bizimkilərin səviyyəsi birdən-birə yüksəlməyəcək. Buna əmin olun.