Bakıda 21-28 avqust tarixlərində keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatının (CEV Trendyol EuroVolley 2026) könüllüləri üçün təlimlərə start verilib. "Rekord.az" xəbər verir ki, çempionatın könüllüləri üzrə məsul şəxslər Nərgiz İsmayılova və Xaqani Fərəcovun rəhbərliyi ilə keçirilən təlimlərə ümumilikdə 250 nəfərə yaxın iştirakçı cəlb olunub.

Bu gün Milli Gimnastika Arenasında təşkil olunan ilk təlimdə könüllülərin yarış günləri ərzində iş prinsipləri və vəzifələri ilə bağlı təqdimat edilib. Qarşıdakı günlərdə müxtəlif bölmələr üzrə təlimlər davam etdiriləcək. Bu təlimlərdə könüllülər yarışın təşkili, akkreditasiya, media əməliyyatları, protokol, logistika, tamaşaçı xidmətləri, komanda və qonaqlarla ünsiyyət və digər müvafiq istiqamətlərə dair nəzəri və praktiki biliklər əldə edəcəklər.

Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatı 21 avqust-6 sentyabr 2026-cı il tarixlərində Azərbaycan, Türkiyə, Çexiya və İsveçin birgə ev sahibliyi ilə keçiriləcək. Turnirin Bakıda təşkil olunacaq C qrupunun oyunları isə 21-28 avqust tarixlərində Milli Gimnastika Arenası baş tutacaq.