This is Anfield... və "Qarabağ"!
- 21:05
- 36
Sabah Azərbaycanın “Qarabağ” komandası Çempionlar Liqasında “Enfild Roud”da “Liverpul”un qonağı olacaq.
Cümləni bir də oxuyun və baş verəcək hadisənin böyüklüyünü anlayıb, zövq alın.
Azərbaycanın...
"Qarabağ" komandası...
Çempionlar Liqasında...
"Enfild Roud"da...
"Liverpul"un qonağı olacaq.
Tarixi matçdır. Son nəticə nə olursa-olsun, 10 min kilometr (gediş-dönüş) məsafəni qət etməyə dəyərdi. Çünki bu "Liverpul"dur və This is Anfield.
Əlavə sözə ehtiyac yoxdur.
* * *
Stadionun əzəməti, azarkeşlərinin performansı, klubun tarixi, uğurları barədə çox uzun cümlələr qurmaq olar. Əfsanəvi, əfsanələrin şərəfini qoruduğu, əfsanələrlə dolu “Liverpul”.
Bu,
Anfield...
Kop...
Liverpool...
Bill Shankly...
və təbii ki
You Will Never Walk Alone.
və İstanbul...
və Steven Gerrard
və məlum künc zərbəsi...
və Trent-Alexander Arnold.
və sairədir.
Tam bir əfsanə.
*
Və təbii ki, “Beatles”...
“Yesterday...
All my troubles seemed so far away
Now it looks as though they're here to stay
Oh, I believe in yesterday”...
Lennon, McCartney, Harrison and Starr.
Absolutely legendary.
* * *
“Liverpul” Azərbaycan klublarının bütün rəqibləri arasında ən böyüyü və ən ikonikidir. 20-30 il əvvəl yoldaşlıq görüşü üçün bəlkə də milyonlar ödəməyə hazır olduğumuz əfsanəvi komanda, bu gün ÇL-də təmsilçimizlə oynamağa məcburdur. İş də elə gətirib ki, bizi yenmək hədəfi var və bunun asan olmayacağını bilir. “Qarabağ” da o meydançaya uduzmağa çıxmayacaq. Qurban Qurbanov və yetirmələri bura qədər təsadüfən gəlmədiklərini artıq sübut ediblər. Qalır, bu tarixi gedişata gözəl bir vergül qoymaq. Vergül ona görə ki, pley-off demək olar ki, həll olunub və nöqtə orada, bəlkə də daha sonra qoyulacaq.
Hələliksə, “Liverpul”la matç var.
***
1 milyard avrodan çox qiyməti olan heyət “Qarabağ”ı sınağa çəkəcək. Ancaq bu sınaq o sınaqlardan deyil. Yeganə imtahandır ki, onda iştirakı hər kəs istəyər, dəfələrlə qatılmağa razılaşardı. Başda da Azərbaycan futbol tarixinin ən yaxşısı Qurban Qurbanov və onun xüsusi təyinatlı futbolçu dəstəsi.
Çağırış qəbul edildi.
Uğurlar, “Qarabağ”!