"Sabah" Mərdəkana niyə köçdü? - şərh
- 09:43
- 42
"Sabah"ın yeni sabahı açılır.
Bu gün Premyer Liqada 9-cu tur başlayır.
Maraqlı matçlar, böyük qarşılaşma var, bu öz yerində. Məncə, turun əsas məqamı "Sabah"ın rəsmən Masazırı tərk edib Mərdəkana köçməsidir. Komanda bundan sonra ev oyunlarını artıq keçmiş "Dalğa Arena", yeni adı ilə "Sabah Arena"da keçirəcək. İlk matç da ki maşallah, "Qarabağ"a qarşı. Əla oyun olacaq.
"Sabah" Masazıra çox sadiq idi. Ölkədə yeganə klub idi ki, Premyer Liqadakı bütün ev matçlarını eyni stadionda keçirmiş, bir dəfə də olsun kənara çıxmamışdı. Hətta qazonu belə dəyişməmişdilər bu qədər müddət ərzində.
Bəs niyə getdilər?
Bir çox səbəblər ola bilər.
Əvvəla, stadion özlərinin deyildi, icarədəydilər. Bu qədər çəkilən xərci elə öz məkanlarına verməyi daha məqsədəuyğun hesab etdilər.
İkincisi, arena yüngül desək, Avropa standartlarına uyğun gəlmirdi. Vəziyyət elə idi ki, durumu yaxşılaşdırmaq da olmurdu. Stadion düz həyət evlərinin, binalarının içində elə tikilmişdi ki, 3-5 metr genişləndirmək, əlavə nəsə iş görmək çox çətin idi. Sanki Braziliya favellalarındakı məşhur balaca meydançaların böyük versiyası idi.
Üçüncüsü, yol bərbad idi. Hə, təbii ki Mərdəkan da yaxın deyil, rəsmən dünyanın o biri başıdır, oranın da yolunun bir tərəfi darısqaldır, gediş-gəliş çətin olacaq. Amma o biri tərəfi böyük şossedir, ordan normal çıxış olacaq. Masazıra isə bir girən sevinir, bir də çıxan. Cəmi 1 ana yol var, eninə 2 maşın zorla yerləşir, üstəlik, 7 gün, 24 saat tıxacdır.
Dördüncüsü, Mərdəkan komandanın Şüvəlandakı əsas bazasına çox yaxındır, cəmi 10 dəqiqəlik maşın yolu məsafəsindədir. "Sabah" hər dəfə öz ev matçı üçün bazasından çıxıb təxminən saatyarım, bəzən daha çox yol getməli olur, bütün oyunlar səfər oyununa çevrilirdi. Ağırdır, yorucudur, effektiv deyil.
Beşincisi, sanki Masazır "Sabah"ı özününküləşdirə, sahib çıxa bilmədi. "Neftçi" və "Qarabağ" kimi rəqiblərlə matçlar, Avropa matçları istisna olmaqla, digər qarşılaşmalara ortalama 600-800 nəfər adam gəlirdi. Baxmayaraq ki, klub insanları tribunaya çəkmək üçün böyük işlər gördü, az qala ərazidəki "hər kəsin qapısına" getdi. Amma olmadı.
Bəli, klubu sevən, hər oyununa gələn kiçik bir qrup formalaşmışdı, adamın heyfi məhz onlara gəlir. Əvvəlki abzasın əvvəlində "sanki" sözünü ona görə işlətdim. Çünki bilmək olmaz klub daha bir neçə il Masazırda qalsaydı, sadiq azarkeş kütləsi bəlkə də daha da artacaqdı. Bəlkə də... Bunu artıq heç vaxt bilməyəcəyik.
Hər halda, kluba da asan olmayacaq. Bu qədər zəhmət, bu qədər təbliğat, kiçik də olsa irs yaradıb onu köhnə məkanda qoyub hər şeyə sıfırdan başlamaq çox çətin olacaq.
Yaşayarıq-görərik, Mərdəkan ÇL-də oynayan komandanı, klubu necə qəbul edir, mənimsəyə, qəlbinə sala bilirmi?
Əliağa Vahid isə inciyər, yəqin...
"O vəfasız mənə bundan belə yar olma dedi,
Sevmə hər bir gözəli, aşiqi-zar olma dedi.
Bir gözəl eşqinə ver könlünü, sabitqədəm ol,
Coşma dərya kimi, xəzri-gilavar olma dedi.
Səni mən sevmirəm, ardımca düşüb yalvarma,
El içində düşün öz qədrini, xar olma dedi".