Duel bərabərliklə başa çatdı.


Ötən tur qələbəni son anda əldən verən "Neftçi", "İmişli"yə məğlub olan "Turan"ı qəbul edirdi. Hər iki komanda bir həftə öncəki uğursuzluğu unutdurmaq üçün meydana çıxmışdı. İkisi də bacarmadı.


Oyun daha çox məşqçilərin dueli kimi yadda qaldı. Berdıyev rəqibinə bəlkə də sürpriz edərək ilk dəqiqələrdən komandasına geri oturmamağı, daha çox pressinq edərək topu ön xətdə alıb fərqlənməyi tapşırmışdı. Vernidub isə buna oyunboyu süni ofsaydla cavab verdi. İkisində də plan pis işləmədi, əslində.


Matçın startı Vadci-Ribeyro qarşıdurması ilə yadda qaldı ki, əvvəlcə hər şey müdafiəçinin xeyrinə davam edirdi. Ancaq forvardın israrına tab gətirməyən İqor kobud oyunla haqlı qırmızı vərəqə alaraq komandasını pis vəziyyətdə qoydu. Bundan sonra hər şeyin rahat gedəcəyini düşünən tovuzlular, bu rahatlanmanın əvəzinə qapılarındakı qolla gördülər. Brenonun o qədər də təhlükəli sayılmayacaq zərbəsində Baklov inamsız oynadı və hesab açıldı - 1:0. Bundan sonra geri oturaraq tamamilə əks-hücuma köklənən "Neftçi"nin müdafiəsini yarmaq çətinləşdi. Ta ki Yankoviçin zərbəsinə qədər. Yaxşı zərbə idi, amma oyunu ümumilikdə yaxşı keçirən Balayev bu epizodda yaxşı oynamadı və yaxın küncdən qol buraxdı - 1:1.


"Qarabağ"la matçın gətirdiyi fiziki və psixoloji yorğunluq, həmçinin heç olmasa 1 xalı qorumaq istəyən "Neftçi"nin tempi yüksəltməməsi, "Turan"ın isə yenə də şanslardan aşağı istifadə faizini davam etdirməsi, matçın elə bu hesabla bitməsinə gətirib çıxartdı.


Ötən tur Yevlaxda məğlubiyyət olmasaydı, "Turan" üçün bu 1 xalı yaxşı nəticə kimi qəbul etmək olardı. Ancaq 10 nəfərlə qalan əsas rəqiblərindən birini yenə bilməmək, üstəlik, hələ növbəti 2 turda komandanı "Sabah" və "Qarabağ" qarşılaşmaları gözlədiyini və rəqiblərlə işin daha da çətin olacağını nəzərə alsaq, birmənalı əminlik bildirmək olmur.


"Neftçi" isə ilk dövrədə 4 əsas rəqibi - "Zirə", "Sabah", "Qarabağ" və "Turan"la qarşılaşmalarını cəmi 3 xalla başa vurmuş oldu.