Bu gün AFFA-nın seçki konfransı keçirilir.

Konfransda UEFA və FİFA nümayəndələri, o cümlədən gənclər və idman naziri Azad Rəhimov da iştirak edir.

Rekord.az xəbər verir ki, AFFA prezidenti Rövnəq Abdullayev konfransda 2016-cı ildən bu günə olan futbol tədbirləri haqda hesabatda bunları deyib:

“Hesabat dövrü beynəlxalq turnirlərin keçirilməsi ilə əlamətdar olub. Yadda qalan 2016-ci ildə 17 yaşlıların Avropa çempionatı olmuşdu. Turnir yüksək səviyyədə keçirilmiş, UEFA tərəfindən müsbət qiymətləndirilmişdi. UEFA Avropa Liqasının final matçına da rekord sayda xarici azarkeş gəlib. Bu, UEFA tərəfindən son 10 ilin ən yaxşı təşkil olunmuş yarışlarından hesab olunub. Gəncədə, Bakıda, Bakı Olimpiya stadionunda, “Neftçi”nin bazasında məşq meydançaları hazırlanıb. “Sumqayıt”la “Keşlə”nin ev oyunlarını keçirdikləri stadionların ot örtüyü yenilənib. “Turan Tovuz” futbol akademiyasının inşasına başlanılıb. Prezident İlham Əliyevin sərəncamı ilə “Mehdi Hüseynzadə” stadionu yenidən qurulur.

Milli komandayla bağlı ən böyük problem, bu dövrdə yaxşı çıxış etməməsidir. Millətlər Liqasında qrupdan çıxa bilmədik. Bizim üçün böyük şans var idi, ancaq zəiflərin qrupundan çıxa bilmədik. Avropa çempionatının seçmə mərhələsində bir xal qazandıq. Aşağı yaş qrupları da çempionatların elit raunduna yüksələ bilmədi.

Avrokuboklarda klublarımız yaxşı çıxış etdi. “Qarabağ” ardıcıl 6 dəfə Avroliqada iştirak etdi. Digər klubları da götürsək, yaxşı nəticələr, irəliləyişlərimiz olub. Hakimlik də müsbət nəticələr verməkdədir. Beynəlxalq turnirlərdə, ayrı-ayrı ölkələrin çempionatlarında bizim hakimlərə ehtiyac duyuldu. Ölkədə artıq peşəkar hakimliyi almışıq və bu, UEFA-da da qeyd olunub.

“CBC sport” telekanalı da artıq yüksək səviyyədə regionun idman kanalına çevrilib. Bu il bizdə daha böyük turnir – Avropa çempionatının oyunları keçiriləcək”. (komanda.az)