“Sumqayıt”ın baş məşqçisi Felipe Kandido Misli Premyer Liqasının 9-cu turunda “Zirə”yə 2:3 hesabı ilə məğlub olduqları oyunu şərh edib.


Rekord.az xəbər verir ki, mütəxəssis məğlubiyyətdən məyus olduğunu, komandasının daha yaxşı nəticəyə layiq olduğunu bildirib:


“Məncə, bu, utancverici məğlubiyyətdir. Hesab edirəm ki, sonda daha yaxşı nəticəyə layiq idik. Ancaq oyuna uğursuz başladıq. Hücum qurmağa çalışarkən vacib məqamlarda top itkilərinə yol verdik. Rəqibin güclü futbolçuları var və onlar bundan yararlana bildilər.


Bununla belə, hesabda 0:2 geridə olduğumuz vaxt komandamızın nümayiş etdirdiyi xarakter xoşuma gəldi. Fasilədə futbolçulara hələ oyuna qayıda biləcəyimizi dedim. İki qol vurduq, amma təəssüf ki, onlardan yalnız biri qeydə alındı.


Məni ən çox məyus edən odur ki, daha yaxşı nəticə qazana bilərdik, amma sonda məğlub olduq. Əminəm ki, futbolçularım daha artığına qadirdirlər. “Zirə” qələbə qazanmağa köklənmişdi. Müdafiədə bir neçə xırda səhvə yol verdik. İnanıram ki, bu heyət liqanın ən güclü komandaları ilə bərabər səviyyədə mübarizə aparmaq potensialına malikdir”.