Nazir beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb
- 13:40
 - 35
 
Noyabrın 3-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.
Rekord.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ardınca idmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir idmançıları və onların məşqçilərini təbrik edib. O, çıxışında bildirib ki, oktyabr ayı ərzində Dövlət Himni 17 ölkədə səsləndirilib. Bu ay ərzində idmançılarımız ümumilikdə 70 qızıl, 102 gümüş və 157 bürünc medal qazanıblar.
Görüş zamanı ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Daha sonra bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər.
Sonda Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.