
Millimizin üvzü Avroliqaya hazırlıqdan danışıb
- 14:26
- 44
Qadın voleybolçulardan ibarət milli komandamız Avropa Qızıl Liqasına hazırlıqları davam etdirir. "Rekord.az" xəbər verir ki, hazırda Yunanıstanda təlim-məşq toplanışında olan yığmamızın liberosu Yuliya Kərimova hazırlıq prosesi ilə bağlı AVF-nin mərbuat xidmətinə danışıb:
“Avropa Qızıl Liqasına hazırlıqlara Bakıda başladıq, daha sonra Sloveniyaya yollandıq. Orada Sloveniya milli komandası ilə birgə təlim-məşq toplanışı keçirdik, ABŞ klubuna qarşı yoxlama oyunu oynadıq. Komandamızda əhval-ruhiyyə yüksəkdir.
Hazırda hazırlıqlarımız Yunanıstanda davam edir. Burada bir neçə yoxlama oyunu keçirməyimiz nəzərdə tutulub. Bu oyunlar həm taktiki hazırlığımızın möhkəmlənməsi, həm də komandamızın güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Avropa Qızıl Liqasında mübarizəyə mayın 30-da Bakıda start verəcəyik. Komandamızın uğur qazanacağına böyük inamım var. Hədəfimiz bayrağımızı qürurla dalğalandırmaqdır”.