“Kəpəz” bu gün Misli Premyer Liqasının 6-cı turunun son matçında “Sumqayıt”ı qəbul edib.


Rekord.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Azər Məmmədovun mətbuat konfransı keçirilib. Məmmədov oyunun maraqlı keçdiyini bildirib:


“Düşünürəm ki, oyun maraqlı keçdi. Azarkeşlərimiz bu oyundan zövq ala bildi. Çalışırdıq ki, qələbə qazanıb “Sumqayıt”la aramızda olan fərqi bir az da artıraq. Amma bir xal qazandıq. Xalımızın üzərinə xal gəldi. Futbolçularıma təşəkkür edirəm. Sayılmayan qoldan sonra oyunçularımda ruh düşkünlüyü yaranmışdı. Amma sonradan əzmkarlıq nümayiş etdirdilər. Son saniyələrdə fərqlənib qalib də gələ bilərdik. Ümumi olaraq, komandamdan narazı deyiləm. Görüləsi çox işlərimiz var. Sayılmayan qolumuzla bağlı olan epizoda baxmamışam. Amma düşünürəm ki, belə qərar verilibsə, deməli, düzdür. Biz hər oyuna qələbə üçün çıxırıq. Amma hələ ki, sabitlik tapa bilmirik. Evdə keçirdiyimiz 4 oyunda 7 xal qazanmışıq. Bizim kimi komandalar üçün bu, normaldır. Komandam bu gün həqiqətən xarakter göstərdi. Hansı ki, bu məni sevindirir. Ümumi götürsək, hər oyun qol vururuq. Düşünürəm ki, bizdə bitiricilik çatışmır. Bu da futbolçularda təcrübənin azlığı ilə bağlıdır. Dediyim kimi, qələbə qazana bilməməyimzdə həmin o bitiricilik çatışmır.


Bu gün oyundan qabaq futbolçularla söhbətimdə onlara dedim ki, bura gələn azarkeşlər oyundan həzz almalıdırlar. Bu, bizim borcumuzdur. Gəncədə olan azarkeşlər Azərbaycan futboluna rəng qatıblar. Bu, mənim özüm üçün də, komandam üçün də təcrübədir. Milli fasilədə yaxşı hazırlaşıb, növbəti oyunlarda daha da yaxşı çıxış etməliyik”.