“Sumqayıt” Misli Premyer Liqasının 6-cı turunun son matçında “Kəpəz”in qonağı olub.


Rekord.az xəbər verir ki, oyundan sonra “kimyaçılar”ın baş məşqçisi Filipe Kandidonun mətbuat konfransı keçirilib. Portuqaliyalı mütəxəssis 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib:


“Oyun haqda danışmamışdan əvvəl bir şey haqda danışmaq istəyirəm. Təxmin edirəm ki, bu, sizin ölkədəki ən yaxşı stadiondur. Çox yaxşı atmosfer var idi. Sözüm əslində rəqib komandayadır. Çox yaxşı atmosfer olmasına baxmayaraq, oyunun gedişində kiminsə hakimin fitinin səsinə bənzər fit səsi gəlirdi. Bu da mənim oyunçularımın fikrini yayındırırdı. Biz futbolun inkişafını istəyiriksə, ona hörmət etməliyik. Hakimlik barədə danışmaq istəmirəm, bu, futboldur, normaldır.


Düşünürəm ki, komandam inkişaf edir. Həm müdafiədə, həm də hücumda yaxşı çıxış etdik. İlk hissədə boşluq tapıb fərqləndik. İkinci hissədə daha çox top saxlamağa çalışdıq. İmkanlarımız oldu, hesabı 2:0-a çatdıra bilərdik. Amma etiraf etməliyik ki, rəqibin də şansları oldu. Belə atmosferdə oynamaq çətindir. Nəticəyə görə məyusam. Elə düşünürəm ki, qələbə qazana bilərdik. Bu, mənim şəxsi fikrimdir, futbolun inkişafını, Azərbaycana yaxşı oyunçuların gəlməsini istəyiriksə, bəzi şeylər dəyişməlidir.


Portuqaliyada 15 il əvvəl məşqçiliyə başlayandan bu yana hakimliklə bağlı danışmamışam. Qərarı sizə buraxıram. Mən daha çox ona görə məyusam ki, “Kəpəz” bərabərlik qolunu vurana kimi hesabı 2:0 edə bilərdik. Mənim bəzi futbolçularım var ki, hələ 90 dəqiqə oynamaq üçün yaxşı formada deyil. Çox qısa müddətdir bizimlə məşq edən futbolçular var. Milli fasilədən istifadə edib bunun üzərində çalışacağıq.


Azərbaycan futbolunun inkişafı üçün qərar vermək mənim səlahiyyətimdə deyil. Mənim işim komandamı çalışdırmaqdır. Narazılığım ona idi ki, oyunun gedişində kənardan səslənən fit var idi. Oyunçularım da bunu mənə bildirdi və onların çıxışına mane olduğunu mən də görürdüm. Qorxurdum ki, hakim doğrudan da fitini səsləndirər və biz oyunu davam etdirərik. Mənim əsas narazılığım buna idi.


“Şamaxı” ilə oyundan fərqli olaraq, bu gün nisbətən daha çox fürsət yaratdıq. Hesabda öndə olarkən daha sakit olmalıyıq”.