“Kəpəz” futbol komandası doğma publika qarşısında keçirəcəyi növbəti matç ərəfəsində azarkeşlərinə xüsusi müraciət yayıb.


Rekord.az xəbər verir ki, klub azarkeşləri komandaya dəstək göstərərkən stadionda nizam-intizam qaydalarına əməl etməyə, təhqir, söyüş və ayrı-seçkilik yarada biləcək ifadələrdən çəkinməyə çağırıb.


Müraciətdə bildirilib ki, tribunalarda qadınlar, uşaqlar və yaşlı insanlar da olur. Buna görə futbolçulara, hakimlərə və digər şəxslərə qarşı təhqiredici davranışlardan uzaq durmaq tövsiyə edilib. Klubun fikrincə, hakim qərarlarına etiraz və emosional reaksiya futbolun bir hissəsi olsa da, davranışın müəyyən həddi qorunmalıdır.


“Kəpəz” azarkeşlərdən biletlərdə göstərilən sektor, sıra və yer məlumatlarına uyğun oturmağı da xahiş edib. Bunun stadionda könüllülərin işini asanlaşdıracağı və digər tamaşaçıların narahatlığının qarşısını alacağı vurğulanıb.


Klubun xüsusi diqqət çəkdiyi məsələlərdən biri pirotexniki vasitələrin istifadəsi olub. Bildirilib ki, stadionlarda pirotexnika qadağandır və bu cür hallar klub üçün ciddi maliyyə sanksiyalarına səbəb ola bilər. “Qəbələ” ilə oyunda da məhz pirotexnikaya görə cərimə tətbiq edildiyi xatırladılıb.


“Kəpəz” azarkeşlərinə həmçinin stadiona alışqan da daxil olmaqla qadağan olunmuş əşyaların keçirilməməsi ilə bağlı xəbərdarlıq edib. Klub azarkeşləri komandaya səsli və mədəni şəkildə dəstək verməyə çağırıb.


Qeyd edək ki, “Kəpəz” müraciətin sonunda azarkeşlərini klubun “ən böyük güc mənbəyi” adlandırıb və Gəncə təmsilçisinə dəstəyin davam etdirilməsini istəyib.