Gənclər və idman naziri Fərid Qayıbovun Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) rəhbərliyi və baş məşqçilərin iştirakıyla görüşü baş tutub.


Rekord.az xəbər verir ki, nazir federasiyanın yeni ofisi ilə tanış olub.


Öncə federasiya rəhbərliyi nazirə ASF-nin fəaliyyəti və planları barədə məlumat verib. Daha sonra idman direktoru və baş məşqçilər milli komanda üzvlərinin hazırlığı və gələcək yarışlar haqqında danışıb. Görüşdə qarşıdan gələn İslam Həmrəyliyi Oyunlarına hazırlıq və üzgüçülərimizin bu yarışda iştirakı da müzakirə edilib.


Görüşdə ASF-nin prezidenti Zaur Əliyev, vitse-prezidentləri Xaliq İldırımzadə və Ümid Abuzərli, İcraiyyə Komitəsinin üzvü Ruslan Ələkbərov, baş katib Oqtay Atayev, idman direktoru Pyer Ləfonten, ASF-nin müşaviri Rəşad Ədbürrəhmanov, həmçinin üzgüçülük, bədii üzgüçülük və suya tullanma üzrə milli komandaların baş məşqçiləri müvafiq olaraq Luka Qabrilo, Anton Melnikov və Oksana Pismenna əməkdaşları iştirak edib.


Həmçinin ASF-nin prezidenti Zaur Əliyev su polosu üzrə yeni təyin edilmiş baş məşqçi Qoran Sabliçi gənclər və idman nazirinə təqdim edib. Azərbaycan Üzgüçülük Federasiyasının dəvətilə gəlmiş Q.Sabliç artıq vaterpolonun ölkəmizdə inkişafı naminə çalışacaq.


Otuz ildən artıq beynəlxalq təcrübəyə malik olan Qoran Sabliç bu illər ərzində Xorvatiya, İran, Türkiyə, Küveyt, Yaponiya, Braziliya, Səudiyyə Ərəbistanı, Fransa, Yeni Zelandiya, Zimbabve və İsveçrə kimi ölkələrdə çalışıb.


Karyerasına vaterpolo üzrə dünyanın ən güclü məktəblərindən biri sayılan vətəni Xorvatiyada başlamış məşqçi yüzlərlə gənc idmançının beynəlxalq arenada yetişməsinə töhfə verib.


Nazir yeni baş məşqçini təyinatı münasibətilə təbrik edib, milli komanda ilə gələcək fəaliyyətində uğurlar arzu edib.


Qeyd edək ki, oktyabr ayında ASF tərəfindən cəlb edilmiş isveçrəli mütəxəssis Luka Qabrilo üzgüçülük üzrə milli komandanın baş məşqçisi təyin edilib.