Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasdan sonra AFFA-nın baş katibi, yeni icraçı vitse-prezidenti Elxan Məmmədovun mətbuat konfransı baş tutub. O, jurnalistlərin suallarını cavablandırıb:

– Azadlıq prospektində yerləşən, uşaq futbolu üçün olan meydança pis durumdadır. “Neftçi”nin bazasına aiddir. Ancaq demək olar ki, istismara yararsızdır. Bunun yenilənməsi gələcək planlara daxildirmi?
– O meydançanın istismar müddəti bitib və biz o bazanın rəhbərliyinə də müraciət etmişik ki, dəyişilsin. Ancaq təəssüf ki, dəyişilməyib. Bu belə qalsa, artıq növbəti ildən orda oyunlar keçirilməyəcək. Bəzi yaş qrupları oyunlarını “Dalğa Arena”da keçirirdi. Amma onlar da şikayətlənir ki, meydança uzaqdadır.

– Şamaxıda yeni arena inşa olunacaq. Sizin namizədliyiniz Şimal Regional Federasiyası tərəfindən verilmişdi. Ancaq şimalda “Sumqayıt”dan başqa, bölgələrdə normal stadion yoxdur.
– Sumqayıtda infrastruktur inkişaf edir. Sumqayıt şəhər stadionunun ot örtüyü də yeniləndi.

– Kəndlərdə meydançalar qurulacağı deyildi. Bu işə kim nəzarət edəcək?
– İmkanlar yaradırıq ki, kəndlərdə məktəblərə yaxın ərazilərdə normal qapılar quraşdırılacaq. Məktəblərə toplar veriləcək və bunun cavabdehi məktəb müəllimi olacaq. İlk olaraq kəndlərdə 50 məktəbdən başlanılacaq.

– Sizin yeni vəzifəyə təyinatınız hansı ehtiyacdan yarandı?
– Hər zaman çalışmışıq ki, səmimi olaq. Şəffaf suallara cavab verək. İlk növbədə, islahatlara baxsaq, iki deyil, üç vitse-prezident var. Əvvəlki iki vitse-prezident AFFA-da oturmurdu. İcraçı vitse-prezidentin artıq daimi iş yeri olacaq. Vitse-prezidentin də. Bizdə əvvəldən vitse-prezident sayı çox olmalı idi. Əvvəlki illərdə olan vitse-prezidentlər bizimlə işlərimizdə əməkdaşlıq edirdi, ancaq AFFA-da olmurdular. İndi həm icraçı-vitse prezident, həm də vitse-prezident – Vaqif Sadıqov daimi AFFA-da olacaq. Bir müddət əvvəl UEFA-da sədr oldum. İcraçı vitse-prezident olaraq, artıq UEFA-da da daha geniş imkanlarımız olacaq.

– Növbəti konfrans nə vaxt olacaq və baş məşqçi işinə aydınlıq gələcəkmi?
– Namizəd məşqçilərin sayı çoxdur, 32 nəfərdir. Onlarla hələ heç bir danışıqlar olmayıb. Hər İcraiyyyə Komitəsinin üzvü namizədinin adını deyəcək. Növbəti konfransda artıq qısa siyahı olacaq və say 13-ə düşəcək.

– Baş məşqçi məsələsiylə bağlı hansı qərar qəbul olundu? Yüksək maaşlı, yoxsa az?
– İclasda fərqli fikirlər səsləndi. Bəziləri tanınmış, bəziləri tanınmamış məşqçi dedi. Yaxud bizə qonşu ölkələrdən məşqçilərin gətirilməsi, ölkəmizdə çalışan xarici məşqçilər fikrini də deyən oldu. Təxminən 15 gün sonra bilinəcək.

– Yeni baş məşqçi təyinatı zamanı ona hansısa tələb qoyulacaqmı?
– Amsterdamda martın 3-də püşkatma olacaq. Ondan sonra artıq tələb qoya bilərik. Yurçeviç gələndə bilirdik ki, hansı komandalar bizimlə mübarizə aparacaq. Püşkatmadan sonra artıq tələblər qoyulacaq.

– Sizin yeni təyinatınızdan sonra baş katiblik işini Sərxan Hacıyevin yerinə yetirəcəyi gözlənilirdi. Sərxan Hacıyev hansı işlə məşğul olacaq?
– Hacıyev baş katibin müavini olaraq qalacaq. Qeyri-rəsmi məlumatlara inanmayın. Lazım olsa, bizə zəng vurun, bizdən öyrənin.

– Aşağı yaş qrupları üzrə milli komandalarda siqaret çəkən futbolçular qovuldu. Ancaq Premyer Liqa klublarının futbolçularından da siqaret çəkənlər var.
– Bəzi məşqçilər ola bilər ki, yumşaq yanaşırlar. Amma biz siqaretə “yox” deyirik. Sağlamlığa mənfi təsiri var. Peşəkar idmançı öz karyerasını düşünürsə, siqaret çəkməməlidir. Klublarda oynayanlar artıq peşəkar idmançılardır. Təkcə baş məşqçiləri deyil, özləri də sağlamlıqlarına görə görə məsuliyyət daşıyırlar. Samir müəllim (Əliyev) bizimlə əlaqə saxladı və siqaret çəkən futbolçuların uzaqlaşdırılmasını istədi, biz də bunu təsdiqlədik.

– Bəzi regionlarda – Yevlaxda meydançalar var, ancaq futbol yoxdur. Uşaq futbolundakı problemlər nə vaxt aradan qaldırılacaq?
– Yevlax komandaları müxtəlif futbol yarışlarında təmsil olunur. Yevlaxda komandanın olmaması qeyri-mümkündür. Varsa, bölgəni deyin, məsələyə baxaq. Bütün bölgələri əhatə edirik, buna tək mən yox, AFFA-nın digər nümayəndələri də şahiddir.

– 2015-ci ildə Media Komitəsi yaradıldı. Ancaq sonradan konfranslarda müzakirə olunacağı deyilsə də, xəbər yoxdur. Bu yaxınlarda İdman Jurnalistləri Federasiyası yaradıldı. Media Komitəsi məsələsi qala-qala, yeni federasiyanın yaradılması… Bu haqda danışardız.
– Media Komitəsinin yaradılmasının təşəbbüsü AFFA tərəfindən oldu. Bununla bağlı işçi qrupu müəyyən olundu və fəaliyyəti davam edirdi. İki ildən sonra gördük ki, Media Komitəsinin daxilində, həmkarlar arasında problemlər oldu. Biz də qarışmadıq ki, sonra bizi günahlandırmasınlar. Yeni yaradılan İdman Jurnalistləri Federasiyasından bizə müraciət olundu ki, Firuz Abdulla da orda olsun və biz bunu qəbul etdik. İdman Jurnalistləri Federasiyası uğurlu layihə ortaya çıxarar. Biz artıq buna qarışmaq istəmirik, çünki İdman Nazirliyi tərkibindədir. Biz səfərlərə gedəndə media nümayəndələrini dəvət edirik. Jurnalistlərin öz imkanlarına görə səfərə getməsi çətindir. Biz o media nümayəndələrinə üstünlük veririk ki, sağlam tənqidə mədəniyyəti, davranışı çatsın. Biz belə media nümayəndələrini səfərə də aparacağıq. O adamlar ki, təhqirlərə, yalan tənqidlərə yol verir, onları səfərdə görmək istəmərik. Bu gün bizim imkanımız ancaq əsas yığmanın oyunlarına media nümayəndələrini aparmağa çatır.

– Region Liqası çox maraqlı turnirdir. Regionlarda buna maraq çoxdur. Son final matçında Qusardan 800 azarkeş gəlmişdi. Qeyd etmişdiz ki, ən azı üç il orda oynayan komandaya baxıb, diviziona buraxmaq olar.
– Bunu uğurlu layihə saymaq olar. Hər iclasda Region Liqasıyla bağlı müzakirələr olur. Çempionatda iştirak edən sabit komanda olanda, əvvəlcə divizionda, sonra da Premyer Liqada oynasın. Hazırda o mərhələyə gəlirik, danışırıq ki, Region Liqasından hansısa komandanı diviziona gətirək.

– Klubların üzərində şərt qoyulmasa, onlar akademiyanın yaradılmasının leyhinə deyil. Bu məsələ uzun müddət davam etsə, yenə deyəcəyik ki, futbolçu yoxdur. Klublar üzərində hansısa təzyiqlər olacaqmı?
– UEFA-dan vəsait daxil olur və biz də bunu dərhal klublara göndəririk. Ancaq bəzi klublar bu pulun 50 faizini uşaq futboluna yatırır. Son zamanlar görürük ki, akademiyalarda irəliləyiş var. Biz də onlara dəstək olmalıyıq. (komanda.az)