Əliyevdən tarixi medal
- 18:00
- 33
Yaponiyada keçirilən "XXV Yay Deflimpiya Oyunları"nda iştirak edən Azərbaycan idman tarixində ilk dəfə olaraq medal qazanıb.
Rekord.az xəbər verir ki, ölkəmizə ilk medalı cüdo yarışlarında -60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Coşqun Əliyev qazandırıb.
Cüdo yarışlarının ilk günündə tatami üzərinə çıxan deflimpiyaçımız əvvəlcə 1/8 finalda Cənubi Koreyalı Choı Junho, 1/4 finalda xorvatiyalı Tonzetic Josipi, yarımfinalda isə Niderlandan olan Westerhof Albert Gerhardua Hendrikə qalib gələrək finala yüksəlib.
Həlledici mərhələdə cüdoçumuzun rəqibi braziyalı Dantas Pedroya məğlub olsa da, Azərbaycan tarixində ilk dəfə olaraq Deflimpiya Oyunlarında gümüş medal qazanan deflimpiyaçı kimi tarixə düşüb.
Mükafatlandırma mərasimində idmançımıza medal Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin Vitse-prezidenti Yutaka Osugi tərəfindən təqdim edilib.
Bununla da Coşqun Əliyev "Tokio-2025" Yay Deflimpiya Oyunlarında komandamıza ilk medal qazandıran idmançı olub.