Azərbaycanlı yeniyetmə pilot Davin Cəfərov Portuqaliyanın Bombarral beynəlxalq trekində keçirilən mövsümünün bağlanış yarışında uğurlu nəticə ilə yadda qalıb. Kartinq üzrə EK125 kateqoriyasının BMB mühərriki ilə keçirilən yarışa Cəfərov lider kimi başlasa da, yarımfinalda mühərrikin sıradan çıxması nəticəsində finişə çatmayıb. Lakin buna baxmayaraq finalda əla performans sərgiləyən Davin sonda bir neçə rəqibini qabaqlayaraq 2-ci yeri tutmağı bacarıb.


Yarışdan sonra keçirilən mükafatlandırılma mərasimində Cəfərov Portuqaliyada EK125 kateqoriyasının sürətli pilotu kubokunu qazanıb.


Davin bir müddət əvvəl İtaliyada keçirilən dünya kubokunda rekord sayda - 24 ötmə edərək, 12 ötmə rekordunu qırmış və bir neçə dəfə ən sürətli dövrəni təyin etmişdi. Təmsilçimizin beynəlxalq arenada uğurlu çıxışı Portuqaliyada “McLaren GT4” komandasının rəhbərliyinin də diqqətini çəkib. Davin yarışdan sonra Eştoril şəhərində yerləşən məşhur "Autódromo Fernanda Pires da Silva" trekində keçiriləcək sınaq yürüşlərinə dəvət edilib. Davin Cəfərovun yüksək potensialı və gələcəkdə dünya səviyyəli yarışlarda uğur qazanmalı ehtimalı “Renault” komandasının da marağına səbəb olub. Komandanın nümayəndələri 16 yaşlı yeniyetmə pilotu “Formula 4” testlərinə dəvət edib.


Davin daha öncə  “Formula 4 Aston Martin junior development” komandasından təklif alıb. Qarşısında yeni imkanlar  açılan yeniyetmə azərbaycanlı pilot dekabrın sonuna kimi qərarını verməlidir. 


“Formula 4”də çıxış etmək üçün xərclərin bir hissəsi komandalar tərəfindən qarşılansa da,sabit maliyyə dayaqlarına malik sponsorlara ehtiyac var. 


Ən böyük arzusu ölkəmizi Formula 1 yarışında təmsil etmək olan Davin Cəfərovun gələcək karyerası, bu təkliflərdən hansı ilə irəliləyəcəyinə qərar verməsindən asılı olacaq.