
Cəfərov ən sürətli dövrəni nümayiş etdirdi, 8-ci oldu
- 17:40
- 38
Azərbaycanlı Davin Cəfərov İtaliyanın Lonato şəhərində yerləşən "International South Garda" trekində keçirilən 24-cü dünya kartinq çempionatında (World Grand Final) 8-ci olub.
Rekord.az xəbər verir ki, o, "Birel Art" (Portuqaliya) komandasının heyətində ilk dəfə BMB kateqoriyasında və dünya çempionatında çıxış edib.
Təsnifat mərhələsində yüngül qəza səbəbindən 32-ci yerdən start götürməyə məcbur qalan Cəfərov yarımfinal və final mərhələlərinə yüksəlib. O, finalda 24 ötmə edərək italyan pilot Lorentso Pinanellinin 14 ötməlik rekordunu qırıb və eyni zamanda yarışın ən sürətli dövrəsini (fastest lap) nümayiş etdirib.
Davin Cəfərov yekunda finişə 8-ci çatıb.
Beş kateqoriya üzrə təşkil olunan yarışlarda trekin uzunluğu 1200 metr olub. 2001-ci ildən bəri keçirilən turnir kartinq dünyasının ən nüfuzlu tədbirlərindən biri sayılır.
Avropa və dünya çempionlarının da yer aldığı yarışa dünyanın müxtəlif ölkələrindən 607 pilot qatılıb.
Yarışdan sonra bir neçə beynəlxalq komandanın pilotları və rəhbərləri "Birel Art" (Portuqaliya) tentinə yaxınlaşaraq Davinlə tanış olub, ona gələcək karyerasında uğurlar arzulayıblar. Onların arasında İtaliyanın Milan şəhərində yerləşən "AW Racing" komandasının rəhbərliyi də olub. Komanda Davinə öz sıralarına qoşulmağı təklif edib. Lakin gənc pilot hələlik "Birel Art" komandasında mübarizəni davam etdirməyi üstün tutub.
İlin sonuna qədər Davini daha iki beynəlxalq yarış gözləyir.