Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisi bu mövsümdən yeni baş məşqçi ilə yoluna davam edir. "Rekord.az" xəbər verir ki, komandamzın yeni baş məşqçisi Boris Qrebennikov Avropa Liqasında hazıqlıqlar barədə danışıb:
“Hazırlıq prosesinə mayın 4-də start vermişik. Təlim-məşq toplanışına ümumilikdə 17 idmançı cəlb olunub. Onlardan dördü 17 yaşlı gənc voleybolçudur. Xüsusilə qeyd etmək istərdim ki, həmin oyunçular böyük potensiala malikdirlər və gələcək üçün ümidverici təsir bağışlayırlar.
Bilirsiniz ki, hazırlığın birinci mərhələsini Bakıda keçirdik. İlk olaraq əsas diqqəti fiziki hazırlığa yönəltmişdik, daha sonra toplarla və taktiki məşqlərə başladıq. Hazırlıq prosesi plan üzrə davam edir. Proqrama uyğun olaraq mayın 22-dən hazırlığın növbəti mərhələsini Belarusda keçəcəyik. Orada təlim-məşq toplanışı ilə yanaşı, bir neçə yoxlama oyunu da keçirəcəyik. Bu görüşlər komandanın hazırkı durumunu qiymətləndirmək baxımından olduqca vacibdir.
Avropa Liqasına isə iyunun 6-da İsveçdə start verəcəyik. İlk mərhələdə rəqiblərimiz İsveç və Yunanıstan milliləri olacaq. Məqsədimiz yaxşı oyun nümayiş etdirmək, komanda olaraq daha da formalaşmaq və turnirə uğurlu nəticələrlə başlamaqdır”.