Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova uzun illər formasını geyindiyi və kapitanı olduğu Macarıstanın "Vasas Obuda" klubundan ayrılıb. Millimizin kapitanı ilə söhbət edib bununla bağlı fikirlərini öyrəndik. Təcrübəli voleybolçumuz "Rekord.az"a müsahibəsində həm millimiz, həm də uzun müddət onu narahat edən zədəsindən də danışıb.

- İlk olaraq mövsümü yenə çempion kimi başa vurmağın münasibətilə səni təbrik edirik. Həmçinin Macarıstan kubokunun qalibi oldunuz, CEV Kubokunda üçüncü yeri tutdunuz və MEVZA Super kubokunu qazandınız. Kifayət qədər gərgin keçən bu mövsümü qısa olaraq necə dəyərləndirərsən?

- Təşəkkür edirəm təbrikə görə. Həqiqətən də mövsüm gərgin keçdi, bir neçə yarışda çıxış etdik. Macarıstan liqası və kuboku, Çempionlar Liqası, CEV Kuboku, MEVZA Super kuboku, bundan başqa mövsümün əvvəlində iki hazırlıq turnirində iştirak etdik. Sentyabrdan aprelin axırına kimi biz demək olar ki, fasiləsiz bu yarışlarda oynadıq. Elə olurdu ki, 10 gün içində üç oyunumuz olurdu. Bu da, əlbəttə çox yorucu idi. Lakin bütün bunlara baxmayaraq, biz hər zamankı kimi ən yaxşı şəkildə oynamağa çalışdıq. Çox şadam ki, bunu da bacardıq, mövsümü bir neçə titulla başa vurduq.

- Bundan əvvəlki iki mövsümdə "Vasas" Macarıstan liqasında və kubokunda heç bir oyunda məğlub olmadan qızıl medalları qazanıb. Bu il də komanda naməğlub seriyanı uğurla davam etdirirdi. Amma çempionatın yarımfinalının bir qarşılaşmasında "KNRC" klubuna 2:3 hesabı ilə uduzdunuz, hətta bu oyunda hesabda irəlidə idiniz və qələbəyə də az qalmışdı. Bəlkə də bu, sizin üçün mövsümün ən dramatik oyunu oldu. Bu oyun haqqında nə deyə bilərsən?

- Bəli, iki ildən artıq idi ki, bizim belə uğurlu seriyamız var idi. Əslində bizim komanda sırf bunun üçün oynamırdı. Bizim üçün mühüm olan meydana çıxıb qalib gəlməkdir, yəni heç vaxt hansısa statistikanı ön planda tutmamışıq. Lakin dediyiniz kimi biz heç də asan olmayan bir işi bacardıq, iki mövsüm heç bir oyunda məğlub olmadıq. Bu il də əslində belə davam edirdik, amma həmin yarımfinal oyununda həqiqətən də nə baş verdiyini özümüz də anlamadıq. Hətta dediyiniz kimi, hesabda irəlidə idik. Sonradan bu oyunu analiz edəndə də qələbəni necə əldən verdiyimizi başa düşə bilmirdik. Biz bağışlanmaz səhvlər etdik və bunun cəzasını çəkdik. Təbii ki, mən burada rəqib komandanın da çox yaxşı mübarizə apardığını deməliyəm. Səhvlərimizi analiz etdik, yarımfinalın son oyununda və final qarşılaşmalarında artıq səhvsiz oynadıq, qızıl medalı qazandıq.

- Sən uzun illər kapitanı olduğun "Vasas"la 5 dəfə ölkə çempionatında, 5 dəfə kubokda qızıl medal, eləcə də  bürünc medal qazanmısan. MEVZA çempionatının və MEVZA Super kubokunun qalibi olmusunuz. CEV Kubokunda üçüncü yeri tutmusunuz. Həmçinin başqa beynəlxalq səviyyəli yarışlarda qızıl və digər medallar qazanmısınız. Bir qədər də sənin bu illər ərzində əldə etdiyin fərdi uğurlardan danışaq. 2022-ci ildə Macarıstanda ən yaxşı xarici oyunçu seçilmisən. Avropa Voleybol Konfederasiyası səni Çempionlar Liqasında qrup mərhələsində ən yaxşı blokçu seçib. Bundan başqa, dəfələrlə oyunlarda ən yaxşı oyunçu seçilmisən, çempionatda və kubokda MVP mükafatına da layiq görülmüsən. Bu mükafatları sadalayarkən necə uğurla çıxış etdiyini, ölkəmizi layiqli təmsil etdiyini bir daha görürük. Həqiqətən də səninlə çox fəxr edirik.

- Çox sağ olun bu sözlərə görə. Bu 6 ildə hər zaman azarkeşlər, media mənə böyük dəstək göstərdi. Ölkədən xaricdə olsam da, məni heç vaxt tək qoymadılar. Hətta Budapeştdə yaşayan həmyerlilərimiz də hərdən oyunlara gəlib bayrağımızla mənə dəstək olurdular. Fərdi mükafatlara gəldikdə isə, xaricdə çıxış edən hər bir voleybolçu, hər bir idmançı ölkəni, bayrağımızı layiqlə təmsil etməyə çalışır. Əlbəttə, biz həm də öz nəticəmiz üçün çalışırıq, çünki hər bir idmançının əsas məqsədlərindən biri də öz idman növündə, voleybolla bağlı desək, öz mövqeyində ən yaxşılardan olmaqdır. Buna görə də hər kəs şəxsi statistikasını yüksək tutmaq üçün əlindən gələni edir. Mən də bu illəri uğurla keçirdiyim üçün, ölkəmizi, bayrağımızı layiqincə təmsil etdiyim üçün çox şadam. Bundan sonra da harada çıxış etməyimdən asılı olmayaraq, hər zaman bunun üçün çalışacağam.

- Bir qədər də milli komanda barəsində danışaq. Artıq yığmamız da mövsümə start verib və Qızıl Avropa Liqasına hazırlaşır. Ötən il zədə səbəbindən yığmaya kömək edə bilmədin. Bu il də hələ ki, milli ilə məşqlərə başlamamısan.

- Bəli, keçən il zədə səbəbindən çıxış edə bilmədim. Əslində, indi də eyni səbəbdən hələ ki, məşqlərə başlamamışam. Bu, köhnə zədəmdi və açığı hər il məni narahat edir, belə deyim, bütün il boyu mənimlədir. Sadəcə, klubda, millidə həkimlərin nəzarəti ilə, müalicə alaraq oynayıram. 2023-cü ildə Avropa çempionatında da mən bu zədəylə çıxış etdim, eyni vaxtda həm müalicə alırdım, həm də meydana çıxırdım. Keçən il isə müalicə müddəti bir qədər uzun çəkdiyindən oynaya bilmədim. Lakin bu dəfə mən çox istəyirəm ki, Qızıl Avropa Liqasında komandamıza kömək edim, bunun üçün də hazırda ciddi şəkildə müalicəyə davam edirəm, həkimlərimiz də nəzarət edirlər. Çalışırıq ki, bu problem mümkün qədər tez həll olsun və mən ən qısa vaxtda komandaya qoşula bilim. 

- Belə demək mümkündürmü, 30 may-1 iyun tarixlərində Bakıda baş tutacaq 1-ci turda komandamıza kömək edə bilməyəcəksən? Bəs sonrakı həftə necə, nəhayət səni yenidən meydanda millinin formasında görə biləcəyikmi?

- Hazırda mənim ən çox istədiyim də elə budur. Millinin forması ilə meydana çıxmaq. Lakin dediyim kimi müalicə ən az üç həftə davam etməlidir. Biz də çalışırıq mümkün qədər müalicəni tez yekunlaşdıraq, amma nə qədər vaxta sağalacağımı indidən demək çətindir. Yenə də əlimizdən gələni 

- Bəs millimizin Qızıl Avropa Liqasındakı şanslarını necə görürsən?

- Bildiyiniz kimi, komandamız ilk turun oyunlarını Bakıda keçirəcək. Rəqiblərimiz də Macarıstan və Sloveniya yığmalarıdır. Bu oyunlar asan olmayacaq, amma komandamız hər iki oyunda yalnız qələbə üçün meydana çıxacaq. Düşünürəm ki, doğma meydan amili də bizə kömək ola bilər. Azarkeşlərin də dəstəyi ilə hər iki oyunda qalib gələ bilərik. Həmçinin növbəti turlarda da yaxşı nəticə üçün meydana çıxacağıq. Komandamız qələbə üçün əlindən gələni edəcək. 

- Bizə vaxt ayırıb suallarımızı cavablandırdığın üçün sənə təşəkkür edirik. Müalicənin yaxşı keçməsini və tez başa çatmasını arzulayırıq. Hər kəs səni millidə görmək üçün darıxıb, tezliklə səni milli ilə meydanda görmək istəyirik. İnanırıq ki, ən yaxın günlərdə milliyə qoşulacaqsan.

- Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Mən də ümid edirəm ki, inşallah tez zamanda milliyə qoşularam.