
Azərbaycan Üzgüçülük Federasiyasının konfransı keçirilib
- 15:20
- 45
Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) konfransı keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə federasiyanın strategiyası və digər yeniliklər təqdim olunub.
Konfransda gənclər və idman naziri Fərid Qayıbov, ASF-nin prezidenti Zaur Əliyev, Elm və Təhsil Nazirliyinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə federasiya rəhbəri qurumun strategiyası ilə bağlı ümumi məlumat verib. O, Azərbaycanda üzgüçülüyü inkişaf etdirmək, bu idman növünə maraq yaratmaq və daha geniş kütləyə çatdırmaq niyyətində olduqlarını, eyni zamanda daha böyük nailiyyətlər əldə etmək istədiklərini bildirib.
Daha sonra ASF-nin yeni loqosu təqdim olunub.
Ardından Fərid Qayıbov çıxış edib. O, federasiyasının vacib işlər gördüyünü bildirib, bu yolda onlara uğurlar arzulayıb. Bu idman növünün Azərbaycanda inkişaf edəcəyinə inandığını söyləyib.
Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bu idman növünün faydalarından, insanlara müsbət təsirindən danışıb, federasiya rəhbərliyinə uğurlar arzulayıb. Üzgüçülüyün inkişafının, xüsusən də uşaqlara şərait yaradılmasının vacibliyini vurğulayıb.Yeni hovuzların açılıb istifadəyə verilməsinin önəmli olduğunu deyib.
Daha sonra federasiyanın inkişaf strategiyası təqdim olunub. ASF-nin baş katibi Oqtay Atayev ötən il ərzində görülən işlər və yeniliklər barədə məlumat verib. Maaş və mükafat sisteminin tətbiq olunacağını söyləyib. Həmçinin federasiyaya tibbi müşavir təyin olunduğunu söyləyib. İdmançıların formalarla təmin olunduğunu nəzərə çatdırıb.
Baş katib federasiyanın veb saytının yeniləndiyini və qurumun sosial şəbəkələrdə fəal şəkildə təmsil olunduğunu sözlərinə əlavə edib.