Bu gün GİN-in Voleybol Mərkəzində yeniyetmə qız və oğlan voleybolçular arasında Azərbaycan birinciliklərinin püşkatma mərasimi keçirilib. "Rekord.az" xəbər verir ki, tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) icraçı direktoru Vüqar Hüseynzadə, idman şöbəsinin rəhbəri Şiraslan Kərimov, kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli, federasiyanın əməkdaşları və klubların təmsilçiləri iştirak ediblər.

Çıxış edən AVF rəsmiləri birinciliklərin əhəmiyyətini vurğulayaraq, bu yarışların bölgələrdə voleybolun inkişafına və gənc istedadların üzə çıxarılmasına töhfə verəcəyini bildiriblər. 

Daha sonra komandalara yarışın əsasnaməsi barədə məlumat verilib və püşkatma mərasiminə başlanılıb.

Birinciliklər U-14, U-16 və U-18 yaş qrupları üzrə təşkil olunacaq. Bakı ilə yanaşı, Gəncə, Naxçıvan, Sumqayıt, Tovuz, Oğuz və digər bölgələrdən olan komandalar da çempionluq uğrunda mübarizə aparacaqlar. Ümumilikdə 170 komanda (110 qız, 60 oğlan) yarışlarda qüvvəsini sınayacaq. Reqlamentə əsasən, qarşılaşmalar qrup və pley-off mərhələlərindən ibarət olacaq.

AVF-dən bildirilib ki, oyun cədvəlləri yaxın günlərdə açıqlanacaq.