FIFA referisi Elçin Məsiyev iyunda Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarına təyinat alıb.

Rekord.az xəbər verir ki, onun başçılıq etdiyi hakimlər briqadası qrup mərhələsində Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarını idarə edib. Məsiyev, həmçinin, 1/4 finalın Almaniya – İtaliya (3:2) və yarımfinalın İngiltərə - Niderland (2:1) matçının ehtiyat hakimi olub.

I kateqoriyaya malik 33 yaşlı referi AFFA-nın mətbuat xidmətinə müsahibəsində fikirlərini bildirib:
 
- U-21-lərin Avropa çempionatının final oyunundakı idarəçiliyiniz UEFA-nın Hakimlər Komitəsi tərəfindən necə qarşılandı?
- Oyunlarda idarəçiliyimiz yaxşı səviyyədə alındı, UEFA-nın oradakı komitə üzvləri pozitiv fikirlər səsləndirdilər. Hətta bu yaxınlarda Bakıda səfərdə olmuş UEFA Hakimlər Komitəsinin üzvü Byon Kuypers idarə etdiyim Çexiya - İngiltərə oyununu tribunadan izləyib, performansımı dəyərləndiribmiş. Halbuki bizim bundan xəbərimiz olmayıb. Matçdan sonra mənimlə bu barədə söhbət etdi, idarəçiliyimi çox bəyəndiyini, razı qaldığını dedi.
 
- Turnirin 1/4 və yarımfinal mərhələsinə təyinat aldınız. Finalda da yer almaq şansınız var idi?
- Əslində final oyununa namizəd idim. Həlledici matçda iştirak etməyi çox istəyirdim. Bildiyiniz kimi, final görüşünü niderlandlı hakim idarə etdi. Niderland millisi isə yarımfinalda məğlub oldu. Niderland yığması finala vəsiqə qazansaydı, çox güman ki, final matçına təyinat alacaqdım. Əsas odur ki, təəssüratlar yaxşı oldu, uğurlu performansla yadda qaldıq. UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik. Sona qədər bizi orada saxlayıblarsa, bu da yaxşı göstəricidir.
 
- Avropa çempionatına təyinatın gələcək karyeranıza nə kimi təsiri ola bilər?
- İnanıram ki, bu amil karyeramız üçün faydalı olacaq. Bu idarəçiliyin gələcək təyinatlara müsbət təsir edəcəyini düşünürəm. Bizə göstərilən etimadları doğrultmağa və daha yüksək səviyyəli turnirlərə təyinat almağa çalışacağıq.
 
- Daha yüksək səviyyəli turnir dedikdə hansı yarışları nəzərdə tutursunuz?
- Bu, A millilərin Avropa çempionatından sonra qitənin ən böyük ikinci turniridir. Bizə bildirdilər ki, U-21-lərin qitə birinciliyinə təyinat alan hakimlər diqqət mərkəzindədirlər və gələcəkdə əsas millilər arasında Avropa çempionatının final mərhələsinə namizədlərdir. Düzdür, həmin səviyyəyə çatmaq üçün hələ müyyən mərhələlərdən keçəcəyik. Əsas sınaqlardan biri Slovakiyadakı turnir idi və bundan üzüağ çıxdıq. Qarşıdakı avrokubok mövsümündə inamlı idarəçiliklə Avropa çempionatına bir addım da yaxınlaşmağa çalışacağıq.
 
- 2024-cü ilin dekabrında FIFA-da I kateqoriyaya yüksəldiniz və ötən ay U-21-lərin Avropa çempionatına təyinat aldınız. Hakim kimi ən böyük hədəfləriniz nələrdir?
- Hər bir hakimin ən böyük arzusu Çempionlar Liqasının final oyununu idarə etməkdir. Mənim də ən böyük hədəflərim Çempionlar Liqası, Avropa çempionatı və dünya çempionatına təyinat almaq və bu turnirlərin final oyununu idarə etməkdir. Bilirik ki, bizim kimi ölkələrin nümayəndələri üçün bu, ikiqat çətindir. Ancaq etimadı doğrultmaq və həmin səviyyədə oyunlara təyinat almaq üçün əlimizdən gələni edəcəyik.