"Sabah"ın alman sınağı - yazı
- 10:19
- 45
Bu gün "Borussiya" ilə matç var.
Təmsilçimiz "Sabah" Çempionlar Liqasında 3-cü turda Almaniya nəhəngi, Dortmund "Borussiya"sını öz meydanında qəbul edir. Qarşılaşma Bakı Olimpiya Stadionunda oynanacaq. Ötən "Slaviya" matçından fərqli olaraq bu dəfə tribunalarda daha çox tamaşaçının olması, daha yaxşı dəstəyə şahidlik etməyimiz gözlənilir. Çünki rəqib adlı-sanlıdır və çexlər üzərindəki qələbənin ardının gəlmə ehtimalı əlavə həyəcan yaradır.
Rəqibi xüsusi təqdim etməyə ehtiyac yoxdur, adını çəkmək yetərlidir, bunu da yuxarıda etdik. Dortmundlular avrokuboklarda təmsilçilərimizlə ("Qarabağ" və "Qəbələ") cüt matçlar keçiriblər və hamısında da qalib gəliblər. Yəni bu günə qədər Azərbaycana səfər onlar üçün ancaq xoş xatirələrlə yadda qalıb.
Bu dəfə rəqib fərqlidir, nəticənin də fərqli olması ehtimalı az da olsa var.
"Borussiya" Bakıya itkilərlə gəlib. Xüsusilə gənc və çox istedadlı yunan hücumameylli yarımmüdafiəçisi Karetsasın son "Union" matçında zədələnməsi işimizə yarayacaq. Son iki matçda qol vura bilmədiklərini nəzərə alsaq, əsas heyətin əsas silahlarından birini sıradan çıxması almanların planlarına mane olacaq. Amma bu o demək deyil ki, bu işin öhdəsindən gələcək başqa kimsələri yoxdur. Serxo Girassi, Fabio Silva, Maksimilian Bayer və digərləri, həmçinin Job Bellingem (Cudun qardaşı), Nmeça, Çukvuemeka, Sabitzer də ən kiçik şansı qola çevirməyə hər an hazırdırlar. Odur ki, rəqibin itkilərini nəzərdə saxlayaq, amma çox da ümidlənməyək.
"Borussiya"da hər xətdə yüksək səviyyəli futbolçular var. Qapıda Kobel, müdafiədə Şlotterbek, orta xətt və hücumda əvvəl qeyd etdiyimiz oyunçuların olduğu heyətə bir anlıq belə yuxarıdan-aşağı baxmaq təhlükəlidir. Bu komanda çox təhlükəlidir, 90 dəqiqə ərzində hər nöqtədə diqqətli olmaq lazımdır.
Baş məşqçi Niko Kovaç komandasını meydana müdafiədə əsasən 3 oyunçulu düzülüşlə çıxarır. "Borussiya" hücumda olmağı sevən, yüksək pressinq xəttini saxlayan, cinahları önə çıxararaq irəlidə çoxluq yaratmağa çalışan kollektivdir. Həmçinin oyun ərzində etdikləri sprintlərə görə Avropanın ən yaxşılarındandılar. Bu barədə Dambrauskas da oyunöncəsi mətbuat konfransında danışdı və buna xüsusi vurğu etdi. Çünki bu çox ciddi üstünlükdür. Sprintlər itirilən topu daha tez almağa, müdafiəyə daha tez çatmağa, əks-hücuma daha tez çıxmağa, cinahlarda genişlik yaratmağa imkan verir. Yəni bu "Borussiya" ilə "vur-vurum" edib açıq futbola getmək böyük riskdir. Bir yolunu tapıb fərqlənəcəklər. Belə deyək, "Slaviya"dan əsas fərqləri o olacaq ki, çexlərin qaçırdığı şansları almanlar yüksək faizlə qola çevirəcəklər. Dilə asan gəlir, amma çıxış yolu bu şansları onlara mümkün qədər az verməkdir.
Necə?
İlk ağıla gələn, prinsipcə elə ən optimal oyun müdafiəyə çəkilmək, sürətli əks-hücumlardan yararlanmağa çalışmaqdır. "Borussiya" azarkeşlərinin etibarını geri qaytarmaq üçün qarşılaşmanı hücumda keçirəcək. Belədə arxa xətdə təbii boşluqlar yaranacaq və biz onlardan istifadə etməyə çalışacağıq. "Slaviya" ilə matçdakı kimi. Aldığımız topu orta xətdə çox saxlamadan, ani ötürmələrlə cinahlara yönəltmək, vingerlərin cərimə meydançasına yaxınlaşaraq onu penalti nöqtəsi həndəvərinə çıxarması ən məntiqli variantdır. Bunu Valdas müəllim də təbii ki, bilir, elətdirəcək də. İş qalacaq bizim öz şanslarımızdan necə yararlanacağımıza.
Dəqiq olan odur ki, maraqlı, yüksək templi, böyük zövqlə izləyəcəyimiz matç olacaq.
"Sabah"dan yaxşı oyun və nəticə gözləyirik. Bu sadəcə istəkdir, çünki "Borussiya" kimi nəhəngdən xal(lar) qopartmasını tələb etməyimiz düz olmazdı. "Bayquşlar"ın buralara qədər gəlişi, ilk qələbəsini artıq qazanması özlüyündə gözəl nəticədir. Komanda əsas hədəfin öhdəsindən gəlib və bundan sonrakı hər xal, hər nəticə başından yuxarı tullanmaq hesab ediləcək. Azərbaycan çempionunun buralarda olmasının özü belə bugünkü futbolumuzun zirvəsidir.
Hə, o da düzdür ki, iştah diş altındadır.
Uğurlar "Sabah"!