2025-ci ildə qadın voleybolçuların ölkə çempionatında son oyunlar keçirilib. Baş tutan yeddi turdan sonra debütant "Turan" klubu Yüksək Liqada maksimum nəticə göstərən yeganə komanda olub. Tovuz təmsilçisi 18 xalla turnir cədvəlinə liderlik edir. Komandanın kapitanı, millimizin aparıcı oyunçularında biri Ayşən Abduləzimova "Rekord.az"a müsahibəsində komandasının çempionatdakı çıxışını dəyərləndirib.

- Yüksək Liqanın debütantı "Turan" artıq 6 oyun keçirib və hamısında qələbə qazanıb, həm də rəqiblərə xal vermədən. Hazırda maksimum nəticə ilə 18 xalla çempionatın vahid liderisiniz. İlk ildən belə uğurlu nəticə göstərmək və ümumiyyətlə çempionatın növbəti etapı haqqında nə deyə bilərsən?

- Biz çempionata qələbə ilə başlayıb elə də davam etdik. Keçirdiyimiz 6 oyunun hamısında rəqiblərə xal vermədən qalib gəlmişik. Dediyiniz kimi, hazırda maksimum nəticə ilə turnir cədvəlində vahid liderik. Əlbəttə ki, məqsədimiz bu nəticəni sonadək davam etdirməkdir. Düzdür, bilirik ki, əsas mübarizə hələ qarşıdadır. Xüsusilə pley-off və final mərhələsinin daha gərgin olacağını düşünürəm. Ona görə də biz daha ciddi məşq edəcəyik və çalışacağıq ki, liderliyimizi sonadək davam etdirək. Çempionatın əvvəlində dediyimiz kimi, hədəfimiz çempionluqdur və bunun üçün əlimizdən gələni edəcəyik.

- 2025-ci ildə son oyununuz "Abşeron" klubuna qarşı oldu. Bu qarşılaşma haqqında nə deyə bilərsən?

- Son oyunda “Abşeron”la qarşılaşdıq və 3:0 hesabı ilə qələbə qazandıq. Həm bu qələbə, həm də əvvəlki qələbələrimiz münasibətlə komanda yoldaşlarımı, məşqçilər heyətini təbrik edirəm. “Abşeron”a gədikdə, çempionatın ən gənc komandalarından biri olmasına baxmayaraq, bundan əvvəlki oyunlarda rəqiblərinə çətinliklər yaratmağı bacarıb. Biz də hər dəfə olduğu kimi bu qarşılaşmaya da ciddi hazırlaşmışdıq, rəqibimizi yaxşı analiz etmişdik. Meydanda bütün tapşırıqlara əməl etdik və istədiyimiz nəticəni qazandıq.

- Bir qədər "Turan" azarkeşləri haqqında danışaq. Onlar hər oyunda meydanda canlı olaraq sizi dəstəkləyirlər.

- Mən bizim azarkeşlərimizə təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən də onlar bizi heç vaxt tək qoymurlar. İstər Tovuzdakı oyunlarda, istərsə də Bakıda keçirilən bütün oyunlarda hər zaman yanımızda oldular, bizi dəstəklədilər. Hər birinə təşəkkür edirəm. Bilirəm ki, bundan sonra da belə olacaq, son oyuna kimi bizi dəstəkləyəcəklər. Bu, biz oyunçulara da motivasiya verir. İnanıram ki, biz də çempion olub onlara təşəkkürümüzü qızıl medalla bildirəcəyik.

Ötən ay milli komandamız İslam Oyunlarında çıxış etdi və gümüş medal qazandı. Bununla bağlı nə deyə bilərsən?

- Biz gümüş medal qazandıq, lakin düşünürəm daha yaxşı çıxış edə bilərdik. Müəyyən səbəblərdən komandamız istənilən oyunu göstərə bilmədi. Bundan əvvəlki İslam Oyunlarında biz qızıl və bürünc medal qazanmışıq. Bu dəfə də bu medalın qızıl olmasını istəyirdik, amma olmadı. Mən bilirsiniz ki, zədə səbəbindən iki il yığmaya kömək edə bilmədim. İki illik fasilədən sonra millidəki ilk yarışım idi. Açığı uzun illərdir belimdə olan zədə İslam Oyunları vaxtı da var idi, hazırda var. Buna baxmayaraq, həkimlərin nəzarəti ilə müalicə alaraq məşqlərə davam etdim, oyunlara çıxdım. Mən və komanda yoldaşlarım əlimizdən gələni etdik, amma alınmadı. Qarşıda bizi Avropa Liqası və Avropa çempionatı gözləyir. Klub mövsümü bitəndən sonra artıq bu yarışlara hazırlıqlarımız başlayacaq. İnanıram ki, biz bu yarışlarda uğurla çıxış edəcəyik.

- Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il gəlir.

- Bəli, artıq 2025-ci ilin bitməsinə də çox az qalıb. Qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün voleybol sevərləri və xalqımızı təbrik edirəm. 2026-cı il hər kəsə düşərli, uğurlu il olsun, bütün problemlər, çətinliklər 2025-ci ildə qalsın. Təzə ildə yalnız xoş xəbərlər eşidək. Birliyimiz, həmrəyliyimiz daimi olsun.