U-21 yığmasının sabiq müdafiəçisi Turan Manafov fırıldaqla üzləşib.

Rekord.az xəbər verir ki, menecerlər “Səbail” ilə müqaviləsi bitmiş gənc futbolçunu aldadıb.

Belə ki, ona karyerasını ölkə xaricində davam etdirmək təklif olunub və bununla razılaşan Turan Bayıl təmsilçisindən ayrılıb.

“Dənizçilər”in yeni anlaşma təklifini geri çevirən 22 yaşlı sol cinah oyunçusunun bütün arzuları suya düşüb.

Onu aldadan isə vaxtilə Azərbaycanda “İnter” (indiki “Keşlə”) və “Simurq” kimi klublarda oynamış, indi futbol menecerliyi ilə məşğul olan Baçana Sxadadzedir.

“İnter”in sabiq baş məşqçisi Kaxaber Sxazadzenin oğlu vəd etdiyi variantların heç birini gerçəkləşdirməyib.

Baçana Manafova Latviyanın “Liepaya” klubu ilə yanaşı, Türkiyədən “Ankara Keçiörəngücü”, Şimali Makedoniyadan “Şkupi” və ötən mövsümün nəticəsinə əsasən, Avstriya Bundesliqasının sonuncusu olmuş “Admira Vakker”dən birində çıxış etməsinə köməklik göstərəcəyinə söz verib, sonda da sözünün arxasından qaçıb.