Döyüşərək qazandığımız qələbə haqda - şərh
- 19:18
- 52
Nəhayət, qələbə!
Mən deyəndə ki, bu Litvanı çox şişirtməyin, adi komandadır, biz onlardan daha yaxşıyıq, sözüm qəribçiliyə salınırdı. Ötən dəfə bunun cizgiləri görünürdü, bu dəfə isə sübutu oldu.
Sadəcə döyüşmək lazım idi meydanda. Hər qarış üçün mübarizə aparmaq. Onu da etdik.
Hə, bir də oyun üçün qurulmuş doğru plan lazım idi. O da oldu.
Birinci hissədə konkret nəfəslərini kəsdik, heç bir şans vermədik, özümüz isə həm qol vurduq, həm də daha yaxşı oynadıq. Tempimiz vardı, sürətli idik, həvəsli idik. Bəli, xeyli top itkilərimiz vardı, səhvlərə də yol verirdik. Amma itirən kimi ardınca qaçıb rəqibin səfini pozur, oyun qurma planına mane ola bilirdik.
Təbii ki bu rejimdə 90 dəqiqə oynamaq mümkün deyildi. Bu səbəbdən fasilədən sonra bir qədər geriyə oturub əks-hücumlarda oynadıq. "50 dənə" epizodumuz oldu, ancaq hamısını boşa verdik. Normal futbolçuları olan komanda indi hesab arasındakı fərqi 4-ə, 5-ə çatdırmışdı. Biz isə onları boşa verdiyimizdən son dəqiqələrdən saniyə saymağa məcbur idik.
Hər halda, rəqibdən daha yaxşı olduğumuzu göstərdik. Qələbə də haqqımız, halalımız idi.
Meydandakı hər kəs döyüşdü. Bir saniyə dayanmadılar, hər topa qaçdılar.
Deməli, istəyəndə oynaya bilirik bu mərəti. Gərək elə Lixtenşteyndən sonra ölkədə hər kəsin "sözünü" eşidib oynayardız? Bunu həmişə oynayın da...
İndi qalır bu nəticənin davamını son matçda gətirmək. Orda da qələbə qazanaraq bu seriyanı major notda bitirməliyik.
İnanıram ki, elə də olacaq.
Bir maraqlı məqamı da qeyd edim. Qolda 4 futbolçu iştirak etdi. Rüfət Abbasov asma etdi, Oruc Məmmədov başla yaxşı zərbə vurdu, qapıçıdan qayıdan topa hamıdan tez Toral Bayramov yetişib onu Abdullax Xaybullayevə ötürdü. O da toru silkələdi. Bu 4 nəfərdən 3-ü cəmi 1 il əvvəl millidə deyildilər. Hər üçünü ilk dəfə Ayxan Abbasov yığmaya dəvət edib. Düzgün işin nəticəsi budur.