Litva gündəliyi - YAZI
- 12:00
- 31
Anar Xanlarov 2 gün əvvəl2 gün · Hər kəsə açıq ilə paylaşıldı Litva səfəri ilə bağlı təəssüratlarımı bölüşəcəyimi demişdim, bölüşürəm. Ümid edirəm, oxuyanlar üçün maraqlı olacaq, yorucu olmayacaq. Litva olmağı arzuladığım ölkə idi. Ümumiyyətlə, Pribaltika ölkələri hələ sovet dönəmindən digər ölkələrdən seçilirdi. Böyüklərimizdən hər zaman bunu eşidirdik. Şəhərsalmaları, insanlarının mentaliteti, yaşayış səviyyəsi, yaşayış tərzi və s. Daha çox Avropanın mədəniyyəti, həyat tərzi var. Məlumdur ki, Pribaltika ölkələri SSRİ-yə ən gec qoşulan ölkələr olub. Məlum məsələdir, Hitlerin işğalından özlərini qorumaq üçün SSRİ-yə sığınmaq ən məqbul qərar idi. Eyni zamanda SSRİ-ni də ilk tərk edən ölkələr olublar. Hələ yeniyetməlik dövründən bu ölkələrə marağım olub, kitablardan oxumuşam, tv-dən maraqla izləmişəm. Xalam oğlu da əsgərliyini sovet dönəmində Pribaltikada, Tallində çəkmişdi və hər zaman də bu şəhər haqda ağız dolusu danışardı. Amma nədənsə məni Litva xüsusi cəlb edirdi. Bəlkə də paytaxt Vilnüsun adı cəlb edirdi. Şəhər özü də bir növü mənə Vyananı xatırladırdı. Əslində bu səfərimdə Vilnüsə getmək planım var idi. Lakin sonradan qərarımı dəyişib Polşaya getməyi üstün tutdum. Ki, orda da başıma gəlməyən qalmadı və bu haqda növbəti yazıda. Qayıdaq Litvaya.
Milli komanda Kaunasda oynadığı üçün təbii olaraq biz də bu şəhərdə məskunlaşmışdıq. AFFA-nın təşkilatçılığı, "Misli"nin dəstəyi ilə baş tutan səfər 24-27 sentyabr tarixlərini əhatə edirdi. Bu arada, onu da deyim ki, Litva səfirliyindən viza almaq elə də rahat olmadı. Baxmayaraq ki, AFFA-nın xətti ilə gedirdik, jurnalist kimi gedirdik, amma çox get-gələ saldılar, çox sənəd istədilər. Mənim özümə iki dəfə şəkil çəkdirdilər, hamıdan iş yerindən həm iki fərqli arayış, həm vəsiqə istədilər. Bu günə qədər getdiyim ölkələrin səfirliklərinə iş vəsiqəmi təqdim etdiyim yadıma gəlmir. Amma Litva səfirliyi istədi. İlk şəkili qəbul etməyib ikinci şəkili çəkdirdilər. Səfirliyə gedib şəkil çəkdirib barmaq izinin götürülməsi ilə hər şeyin bitdiyini düşünsək də, iki gün sonra xəbər gəldi ki, iş yerindən e-gov.az-dan çıxarılan arayış təqdim olunmalıdır. Özü də arayışı notariusda təsdiq etməlisən, sonra ingilis dilinə tərcümə etdirib bir də təsdiq etdirməlisən. Adamda belə təəssürat yaranmışdı ki, növbəti dəfə evin orderini, metrikanın əslini filan da istəyəcəklər. 3 dəfə Sumqayıtdan Bakıya gedib-gəldim. Sənədlərə, şəklə, tərcüməyə yol pulunu da əlavə etsək, hələ getməmiş burda 100 manata yaxın xərcim çıxdı. Elə bil vizani Litvaya yox, Almaniyaya, İsveçrəyə, ABŞ-a alırıq. Şükür ki, sonunda vizanl ala bildik.
Sentyabrın 24-ü Bakı vaxtı ilə 17:00-da təyyarə havaya qalxdı və 5 saata yaxın davam edən uçuşdan sonra Kaunas şəhərinə eniş etdik. Bakı vaxtı ilə 21:55, yerli vaxtla 20:55. Məskunlaşdığımız "İbis" oteli şəhərin mərkəzində yerləşirdi. Kaunas avtovağzalına oteldən ayaqla 3 dəqiqəlik məsafə var idi. Dəmiryol vağzalı da çox uzaqda deyildi. Şəhərin ən böyük ticarət mərkəzi olan "Akropolis" və məhşur "Jalqris Arena"ya da ayaqla 7-8 dəq-ə getmək mümkün idi.
Kaunas və litvalılar haqda nə demək olar? Ümumiyyətlə, Litva özü Baltik dənizin şərqində yerləşən kiçik ölkədir. Ərazisi 65 min kv. km, əhalisi 3 milyona yaxındı. Paytaxt Vilnüs həm də əsas şəhəridi, əhalisi hardasa yarım milyondu. Bizim qaldığımız Kaunas ölkənin ikinci böyük şəhəri idi və əhalisi 300 min nəfərdi. Qədim şəhər sayıla bilər, əsası 1361-ci ildə qoyulub. Vilnüsdan fərqli olaraq, Kaunas daha milliyətçi şəhər sayılır. Çünki əhalisinin demək olar ki, 95 faizi litvalılardı. Amma rus dili ilə bağlı deyilən münasibəti burda görmədim. Çünki çox adamdan eşitmişdim ki, rusları sevmirlər, rus dilində soruşanda cavab vermirlər, amma mənim gördüyüm fərqli mənzərə idi. Düzdür, Rusiyaya münasibət müsbət deyil. Təsadüfi deyil ki, millimizlə oyunda əsas fan klub tribunadan "Slave Ukraina" şüarını da səsləndirdi. Amma "rus dilində soruşanda cavab vermirlər" ifadəsi təsdiqini tapmadı. Yerli əhali öz dilində danışır. İkinci əsas dil İngilis dilidi və çox adam bu dili də bilir. Amma kifayət qədər insan oldu ki, rus dilində də bizimlə ünsiyyətdən qaçmırdı. Küçədə, marketdə, stadionda rus dilində verdiyimiz suallara çox normal da cavab aldıq.
Kaunas özü elə də böyük şəhər deyil. Arxitekturada millilik və Avropa arnamentləri daha çox diqqət çəkir. Amma sovet arxitekturasından da izlər hiss olunur. Bu da təbiidir, 50 ildən son SSRİ-nin tərkibində olublar. Əksər Avropa şəhərləri kimi, Kaunasda da əsas diqqət çəkən məqamlardan biri təmizlik və yaşıllıqdı. Şəhər hədsiz yaşıldı. Ümumiyyətlə, Avropada yaşıllaşdırma bizdən fərqlidir. Yəni hansısa ərazini yaşıl görüntü olsun deyə park edib ağac əkmirlər. Orda illərdi salınan parklar, yaşıllıqlar qorunur, saxlanılır. Şəhərdə demək olar ki, gözümüzə hündürmərtəbəli binalar dəymədi. Litvalılar tarixlərinə çox önəm verirlər, tarixi binalarını qoruyub saxlayırlar, restavrasiya edirlər. Məsələn mümkün deyil ki, hansısa tarixi binanı bulduzerin qabağına verib sökələr və yerində göydələn tikələr.
Şəhərdə əsas nəqliuyyat vasitəsi avtobuslardı. Kart sistemi ilə işləyir. Amma müxtəlif abunəlik xidmətləri və güzəştləri var. Avtobuslarla bərabər troleybuslar da fəaliyyət göstərir. Ümumiyyətlə, sürücülük və piyada mədəniyyəti əksər hallarda qorunur. Siqnal səsi demək olar, eşitmədim. Hamı piyada keçidindən istifadə edir, keçiddən kənar yol keçən şəxs görmədim. Amma arada Azərbaycanı xatırladan məqamlar da oldu. Məsələn 1-2 dəfə oldu ki, bahalı maşında yüksək sürətlə hərəkət edən sürücü gördüm. Amma dediyim kimi, orda olduğum 3 gecə və 4 gündüz dönəmində cəmi 1-2 dəfə.
Sadəlikləri diqqət çəkdi. Yollarda, küçələrdə bahalı bardiorlar görmədim. Sadə daş piltələrdən istifadə olunub. Kimsə balkonunu 2 metr küçəyə çıxarsın, binanın altını kafe, pivəxana edib piyada səkisini zəbt etsin, belə şeylər yox idi. Litvalılar pivə sevəndi və nəyi də var içirlər. Ama kafelərdə və publarda. Kaunasa düşdüyümüz ilk gecə şəhərlə tanışıq məqsədi ilə küçəyə çıxdır və onların mərkəzi küçəsinə qədər getdik. Orda gecə saatları olsa da insanlar, əsasən də gənclər içirdi, əylənirdi. Amma fikir verdim, həmin kafe və restoranların yerləşdiyi ərazilərdə yaşayış binaları yox idi, sırf iaşə obyektləri idi.
Daha bir diqqət çəkən məqam küçədə demək olar polis görməməyimiz idi. Demək ki, buna ehtiyac yoxdur. Hamı bir-birinə hörmətlə yanaşır, qaydalara əməl edir və belə olan halda da polisə ehtiyac qalmır. Bir şey də diqqətimi çəkdi ki, küçələrə tökülən yarpaqlar təmizlənmir. Yəni bizdəki kimi, yaşlı xalaları, nənələri küçələrə töküb yür süpürtmürlər. İnsanlar küçələrə zibil atmır və buna görə süpürgəçiyə də ehtiyac yoxdur. Yarpaqları isə təmizləmirlər, bunu təbii proses hesab etdikləri üçün toxunmurlar. "Qızılı xəzəl" payızın gözəlliyidir, küçələrə yaraşır verir. Zamanla da torpağa qarışıb gedir.
Qiymətlərlə bağlı nə demək olar? Litva mənə bahalı ölkə kimi gəlmədi. Pul vahidi kimi avrodan istifadə edirlər. Qiymətlər aşağı-yuxarı bizimlə eynidir. İlk növbədə ərzağı nəzərdə tuturam. Bəlkə də hansısa məhsulda cüzi fərq ola bilər, amma ümumilikdə böyük fərq görmədim. Zamanla endirimlər olur ki, insanlar bundan yararlanır. 4.5 avroya internet paketi alıb uzun müddət bol-bol istifadə edə bilərsən.
Daha bir diqqət çəkən məqam çörəkdən çox az istifadə etmələri idi. Biz qaldığımız oteldə də stola çox az çörək qoyulurdu. Sup gətirəndə isə, ümumiyyətlə, yalnız bir dilim çörək verirdilər. Çörəkləri də fərqli və maraqlı idi. Burda görməyə adət etdiyimiz bol drojlu zavod, təndir çörəkləri orda yox idi. Yeməklərində tərəvəzdən bol-bol istifadə edirlər. Əsasən donuz və toyuq ətinə üstünlük verirlər. Onu da düyünün, püre və qreçkanın üstündə.
Çox bahalı maşınlardan istifadı etmirlər. Gözümə bizdə olan bahalı "Range Rovers"lər, BMW-lər, "Mercedes Benz"lər və s. dəymədi. Olsa da barmaq sayı qədər olardı yəqin. İnsanlar bunda maraqlı deyillər. Yəni evə yaşayış, maşına nəqliyyat kimi baxırlar, göstəri kimi yox. Ümulikdə Litva varlı ölkə sayılıa bilməz. Məsələn, bizim kimi nefti, qazı, təbii sərvətləri yoxdur. Bu baxımdan müqayisədə Azərbaycanq Litvadan qat-qat imkanlı ölkədir. Amma maraqlıdır ki, bizdə minimum əmək haqqı 400 manat olduğu halda, Litvada bu göstərici 900-1000 avro civarındadır. Buna görə də insanları yaxşı yaşayır, stressis həyat sürür. Səhər baxırsan insanlar parklarda gəzişir, idman edir, üzlərində əsəb, gərginlik, yorğunluq yoxdur. Cəmi bir dəfə belə halla üzləşdim ki, orta yaşlı bir kişi dəmir və plastik qab toplayırdı. İnsanların əyləncəsi və ticarəti üçün məkanlar çoxdur. Məsələn "Akropolis" ticarət mərkəzini qeyd edə bilərəm. Halbuki Sumqayıt az qala Kaunasdan iki dəfə böyük ölsa da, burda belə bir ticarət mərkəzi yoxdur.
Diqqətimi çəkən məqamlardan biri də litvalıların hündürboy olmaları idi. Əslində normaldı, basketbol ölkəsi olması təsadüfi deyil. Genetik olaraq da litvalılar dünyada ən hündürboylu ölkələrdən sayılırlar. Məsələn, qadınlarının orta boy həddi 168 sm-dir ki, kifayət qədər yüksək göstəricir və dünyada ilk "beşliy"ə daxildi. Buna görə də küçədə, alış-veriş mərkəzlərində tez-tez boyu 180 sm və üzərində olan xanımları görmək olardı. Kişilərdə isə 190 sm adi göstərici kimi idi. Litvanın miqrant siyasəti də fərqli idi. Avropanın mərkəzi ölkələrindən fərqli olaraq, burada gəlmələrin sayı elə də çox deyildi. Az sayda ərəb kökənli insan görmək mümkün idi. Ciddi qadağa yoxdur, amma nəzarət var. Keçmiş SSRİ ölkələrindən bəlli kvota ilə işçilər qəbul olunur. Amma Özbəkistan və Qazaxıstandan gələnlərlə bağlı problem yaşandığlından bu ölkələrdən gələn işçilərə qadağa qoyulub. Azərbaycan üçün isə belə qadağa yoxdur və müəyyən kvota çərçivəsində gedib orda işləmək olar. Kaunasda azərbaycanlılar yaşasa da, Vilnüsda onların sayı daha çoxdu. Zaman-zaman Rusiya tərəfindən təhdidlər alsalar da, bunu ciddi problemə çevirib həyat tərzlərində nəzərə almırlar. Tam rahat, sərbəst həyat sürürlər. Bütün quru sərhədləri açıqdır və bütün qonşu ölkələrə avtobus, qatar və şəxsi maşınlarlıa rahat səyahət edə bilirlər. Qiymətlər də minimum əmək haqqı ilə müqayisədə çox münasibdi. Belə. Çalışdım gördüyüm maraqlı nə oldusa bölüşüm. Yadımdan çıxan olsa, sonradan əlavə edəcəm. Yaxud kimsə soruşşa cavablandıra bilərəm. Qısası getməsi məsləhət olan ölkədi. Kifayət qədər maraqlı, tarixi, görməli yerləri var. Qiymətləri münasibdi, dil problemi ilə üzləşməyəcəksiniz. Kimin belə niyyəti olsa, bəribaşdan xoş istirahətlər!
Anar XANLAROV