Azərbaycan millisi 1999-cu ilin iyun ayının 5-də Lixtenşteyni 4:0 hesabıyla məğlub etmişdi. Bu qarşılaşmanı xatırlamağım heç də səbəbsiz deyil. Həmin ərəfələrdə AFFA-nın o vaxtkı prezidenti Fuad Musayevlə rəsmi qurumların, o cümlədən də Gənclər və İdman nazirliyinin münasibətləri əməlli-başlı pozulmuş, "soyuq müharibə" havası yaranmışdı. Respublika stadionunun tribunaları "təmir" adıyla azarkeşlərin üzünə bağlanmışdı. Taxta oturacaqların yeni plastik oturacaqlarla əvəzlənməsi prosesi qəsdən ləng aparılırdı. Bununla da millinin azarkeş dəstəyindən məhrum edilməsi, futbolçuların boş tribunaların qarşısında məğlubiyyətləri sıralaması hədəflənirdi. Düşünürdülər ki, uğursuz nəticələrdən sonra AFFA-da prezident dəyişikliyinə nail olacaqlar, Fuad Musayev istefa verəcək.


Amma nə sirr idisə, onlar AFFA-nı sıxışdırdıqca bizimkilər daha yaxşı oynayırdı. Rumıniyaya 0:1 uduzduğumuz oyunda saysız-hesabsız qol vəziyyəti yaradıb, xoş təsir bağışlamışdıq. Ardınca millimiz Lixtenşteynin qapısına dörd cavabsız top vumağı bacardı və öz kiçik tarixinin ilk böyükhesablı qələbəsini qazandı. Portuqaliya ilə oyun isə daha ciddi hadisələr və fantastik nəticəylə tarixin yaddaşına keçdi. Yəqin ki, stajlı futbol azarkeşləri xatırlayar. Hələ birinci hissənin gedişində stadion işıqlarını söndürdülər ki, qarşılaşma yarımçıq qalsın, UEFA Azərbaycana texniki məğlubiyyət versin. Birinci hissəni birtəhər yola vermək mümkün oldu. Amma fasilədə sön(dürül)ən projektorlar bir daha yan(dırıl)madı. Bu yerdə azarkeşləri sevindirən anons eşidildi. Qolsuz davam edən qarşılaşmanın ikinci hissəsi sabah oynanacaqdı. UEFA rəsmiləri Portuqaliyanın razılığından sonra buna icazə vermişdi. Sanki futbolçularımız da bundan ruhlandılar, heyətində Fiqu, Baya kimi futbolçular olan Portuqaliya ilə hesabı açdıq və son dəqiqələrdə azlıqda qalıb, 1:1 hesablı heç-heçəyə razılaşdıq. Bu bir xal qələbədən daha dəyərli idi.


Lixtenşteynlə həmin oyuna çox məhdud sayda bilet satışa çıxarıldığına görə bilet ala bilməmişdik. Oyuna canlı baxmaq üçün hər şeyə hazır idik. Start fitindən 6 saat əvvəl stadiona gedib, taxta oturacaqların arasında gizlənmişdik. Polislər gələndə bizi ora-bura qovub, stadionun həyətinə çıxarmışdılar. Daha sonra yanğınsöndürən maşının üzərindən eyvana keçməklə tribunalara qayıdıb, kütlənin arasında itib-batmağa çalışmışdıq. İndi də dostlarımızla o günləri nostalji hissi ilə xatırlayıb, kövrəlirik - gülürük. Futbolçularımız həmin gün bizi 4:0 hesablı qələbəylə sevindirmişdilər, çəkdiyimiz əziyyətə dəymişdi.


Hardadır o milli? Əvvəlki çətinliklərdən əsər-əlamət qalmayıb. Bakının bərli-bəzəkli arenaları hamısı millinin ixtiyarına verilib. İşıqları söndürmürlər, münasib qiymətə yetərincə bilet satışa çıxarılır. Di gəl ki, tribunalar boş qalır. İndiki yığmamız Lixtenşteynə dörd yox, bir qol vurmağı da bacarmır. Elə azarkeşlər də bu millinin gücünü bildiyindən ona laqeydlik göstərir, komandanı dəstəkləmək üçün tribunalara gəlmirlər. Heç kimin vecinə deyil. Milli komandamız, Azərbaycan futbolu dibə vurub. Burdan aşağı düşəcəyimiz yer də qalmayıb. 


Sabah yenə milli oynayır. Litvanı udsaq, hər şey unudulacaq, AFFA yenə də futbolçulara mükafat paylayacaq, inkişafdan danışacağıq. Reallıqları, acı gerçəkləri yenə də unudacayıq. Sonrasını da hamımız bilirik.