"Sumqayıt"ın Müşahidə Şurasının sədri Elnur Məmmədli: "Möhkəm, dayanıqlı və uzunmüddətli hədəfləri olan komanda quracağıq" MÜSAHİBƏ
- 16 Okt 2024 10:38
- 2494
“Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının sədri, “Azərikimya" İstehsalat Birliyinin baş direktoru Elnur Məmmədli "Rekord.az" saytına eksklüziv müsahibə verib. Onu sizə təqdim edirik:
- “Sumqayıt”ın hazırkı durumu sizi qane edirmi?
- Bildiyiniz kimi, komanda ötən mövsüm gözəl naliyyət göstərdi, Konfrans Liqasına düşə bildik. Hazırkı duruma gəlincə, son baş verən məlum məsələ, problem daha erkən baş versəydi, bilsəydik ki, Samir müəllimin (Samir Abasovu nəzərdə tutur - red.), “Neftçi”nin belə bir fikri var, buna hazırlıqlı olardıq, məşqçi axtarışında olardıq, işimizi bilərdik. Çünki komandanı da o yığmışdı, futbolçu seçimində bütün səlahiyyəti Samir müəllimə vermişdik. İlk gündən ona inanmışıq. Mən özüm də kluba gəldiyim ilk gündən Samir müəllimə hədsiz inanmışam, onun haqda fikirlərim də müsbət olub. Həm insan kimi, həm məşqçi kimi, həm də keçmiş futbolçu kimi. Özü də sumqayıtlıdır, onu Sumqayıtla nəfəs alan biri kimi tanıyıram, inanıram ki, bu gün də belədir. Dediyim kimi, ötən mövsüm heyətlə bağlı bütün seçim səlahiyyətlərini ona verdik və bunun da bəhrəsini gördük. Təəssüf ki, yeni mövsümə uğursuz başladıq. Bunun da səbəbini heyətə qoşulan yeni futbolçuların uyğunlaşmaq üçün zamana ehtiyaclarının olmasıdır. Hətta Riad müəllimə (Riad Rəfiyevi nəzərdə tutur - red.) də demişdim ki, mən yaxşı nəticələri 10-cu turdan sonra gözləyirəm. Komandadan gedən futbolçularla bağlı qərarı da Samir müəllim vermişdi. Bizdən olsa, Murata da, Ninqa da, Abu Dosso da komandada qalardı. Lakin Samir müəllim getmələri ilə qərar verəndə də bizə baş məşqçimizə inandığımız üçün onun qərarı ilə razılaşdıq. Bütün bunlara baxmayaraq, “Sumqayıt” yenə öz ruhundadır. Komandanın öz ruhu var ki, əsas məsələlərdən biri də budur. Bəzən mediadan, sosial şəbəkələrədən oxuyuram ki, maaşlar vaxtlı-vaxtında verilmir, bunlar reallığı əks etdirmir. Bu gün imkanımız daxilində rəhbərlik tərəfindən nə mümkündür futbolçular üçün edilir, heç kimin də maaşı saxlanılmır. Amma təəssüf ki, bu cür söz-söhbətlər yayılır. Ötən mövsüm də hakimliklə bağlı ağlagəlməz söhbətlər yayırdılar. Buna da öz etirazımı bildirirəm, çünki belə bir şey də yoxdur. Detallara girmək istəmirəm, siz özünüz də gördünüz ki, “Sumqayıt”la oynayan bütün komandalar, o cümlədən “Qarabağ” da əsas heyətləri ilə mübarizə apardılar. “Qarabağ”ı burda məğlub etdiyimiz oyunun sonuna yaxın bütün aparıcı futbolçularını da meydançaya buraxdılar ki, ən azı bərabərə qalsınlar. Yeni baş məşqçi təyinatına gəlincə, komandanı müvəqqəti olaraq, gənc Vaqif Cavadova həvalə elədik. Vaqif müəllim futbolçu kimi də “Sumqayıt”da çıxış edib, milli komandada da uğurlu oyunları olub, məşqçi kimi də “Sumqayıt”da 15 yaşlı uşaqlardan tutmuş, əvəzedici komandaya kimi işləyib. Bildiyim qədəri ilə nəticələri də pis deyil, əvəzedici komanda hazırda 4-cü pillədədir. Bütün bunları nəzərə alıb, komandanı Vaqif müəllimə etibar elədik. Düşünürəm ki, bu seçim “Sumqayıt” azarkeşlərinin də ürəyincə olacaq, Vaqif Cavadov da məşqçi kimi öz potensialını göstərəcək. Sumqayıtın 500 mindən çox əhalisi var və stadionumuzda da dəfələrlə anşlaq olduğunu özünüz də görmüsünüz. Sumqayıt gənclər şəhəri olmaqla bərabər, həm də idman şəhəridir. Neçə-neçə olimpiya medalçılarımız, dünya çempionlarımız var. Futbol da bunlardan geri qalmır. “Sumqayıt”ın da öz yolu var, öz namı var. Bizim bir devizimiz də var - “Biz birlikdə güclüyük!”. Klubun Müşahidə Şurası, prezidenti, məşqçilər korpusu hamısı bu deviz ətrafında birləşib. Hər zaman bu klubda mehribançılıq olub, bu gün də var və buna əks yazılanlar da şayiə olaraq qalacaq. Bununla bizi daxildə parçalamağa, klub daxilində qarşıdurma yaratmağa çalışırlar, amma buna heç vaxt nail olmayacaqlar.
- Klub rəhbəri olaraq gələcəklə bağlı hədəfləriniz nədir?
- Riad Rəfiyev şahiddir, mən ötən mövsüm komandaya yeni gələndə ilk fikirim bu olmuşdu ki, Konfrans Liqasına çıxmalıyıq. Çünki komandada o ruhu görürdüm, Samir müəllimin işini, peşəkarlığını görürdüm. Hətta mən sizə deyim ki, Konfrans Liqası yox, Avropa Liqasına da gedə bilərdik, bunun üçün yaxşı şansımız var idi. Son turlarda bir neçə xal bizi bundan ayırdı. Bu il baxmayaraq ki, mövsümə pis başlamışıq, amma hədəfimiz ilk “beşliy”in içində olmaqdı. Bəlkə də yenidən 4-cü ola bildik. Mən buna inanıram və bunun olması üçün biz tərəfdən də əlimizdən gələn nə kömək var, komandaya olunacaq. Bu, tək bizim yox, bütün Sumqayıtın istəyidir. “Sumqayıt” böyük şəhərin tək komandasıdır və azarkeşlərimizdə də öz təşəkkürümü bildirmək istəyirəm, çətin gündə də, yaxşı gündə də hər zaman stadionu doldurublar. Biz bu gün Sumqayıta görə oynayırıq, futbolun regionlarda inkişafı üçün oynayırıq.
- Bu mövsümlə bağlı hədəflərinizi bildik. Bəs ümumiyyətlə, “Sumqayıt”ın yaxın gələcəkdə daha iddialı olması, deyək ki, “Qarabağ”la çempionluq uğrunda mübarizə aparacaq səviyyədə klub olmaq kimi bir hədəfi, iddiası varmı və bunun neçə müddət sonra görə bilərik?
- “Qarabağ” illərin komandasıdır, gözümüzün qabağında inkişaf ediblər, onlara da uğurlar arzulayıram, çox sevinirəm ki, bizim Qarabağın adını daşıyan bir klub beynəlxalq arenada da uğurla çıxış edir. Bilirsiniz ki, bizim böyük akademiyamız var, burada 500-dən çox uşaq futbolla məşğul olur, 15-16 yaşlı futbolçularımız yaxşı nəticələr qazanır. Qızlar komandamız belə, bir öncəki mövsümün çempionu oldu. Yəni “Sumqayıt”ın böyük potensialı var. Hədəflərimizdən biri də gələcəkdə öz akademiyamızın gənclərinə daha çox şans verməkdi. Ötən mövsüm “Qarabağ”la matçda qapını qoruyan Xəyal Fərzullayev əla oyun göstərmişdi. Həmçinin Nihad Əhmədzadə də potensialı olan futbolçulardandır. Akademiyamızın yetirməsi olan başqa istedadlı gənclər də var ki, gələcəkdə onların xidmətindən istifadə etməyi düşünürük. Bir sözlə, komandanı milliləşdirmək istəyirik. Təbii ki, legionerlər də olacaq, amma bu məsələdə saya yox, keyfiyyətə üstünlük verəcəyik. Belə olan halda yerlilərlə səviyyəli legionerlərin sintezindən möhkəm, dayanıqlı və uzunmüddətli hədəfləri olan komanda quracağıq. Hansı ki, hər mövsümün sonunda əvvəlki mövsümün onurğasını saxlayıb zəruri bölgərə yeni transferlər edə bilək. Beləliklə, 2-3 ildən sonra çempionluğa olmasa da, daima medallara iddialı komanda yaratmaq istəyirik.
- Samir Abasovun gedəcəyini öncədən qətiyyən sezməmişdiniz? Yəni həqiqətən hər şey ani oldu, yoxsa bununla bağlı hissiyat var idi?
- Bilirsiniz, Samir Abasovun gedişinə bu gün də inana bilmirəm. Çünki o canı ilə, qanı ilə Sumqayıta bağlı biridir. İmkan tapdıqca komandanın axşam məşqlərinə də gəlib baxırdım, bütün oyunlarını izləyirdim və Samirin komandaya verdiyi ruhu, özünün bütün varlığı ilə necə çalışdığını görürdüm. Buna görə də onun bu cür qərar verəcəyini gözləmirdim. Ona yenə də uğurlar arzulayıram, bilirəm ki, “Neftçi”ni də çətin vəziyyətdən çıxaracaq bacarığa malikdir. Gedəcəyi ilə bağlı sosial şəbəkələrdən oxuyurdum, amma bunların dedi-qodu olduğunu güman edirdim. Söhbətimin əvvəlində də dedim, gedəcəyi ilə bağlı bizə öncədən məlumat versəydi, biz də yeni baş məşqçi ilə bağlı işimizi bilərdik. Amma biz, şəxsən mən özüm bunu son anda bildik. Həyatdı, bir gün gələn bir gün gedir. Samir müəllim “Sumqayıt” üçün çox şeylər edib, amma bilin ki, “Sumqayıt”ın ruhu bu gün də var və yaşayacaq. Samir müəllimə də öz işində uğurlar.
- Vaqif Cavadovu müvəqqəti baş məşqçi kimi təqdim etdiniz, amma onunla bağlı fikirlərinizdən belə başa düşülür ki, daha çox müddətə saxlamağı düşünürsünüz. Ümumiyyətlə, Cavadov hansı halda postunda uzun müddət qala bilər, hansı halda gedə bilər?
- Vaqif müəllimin əvəzedici komandada nailiyyəti var, az öncə bunu qeyd etdim. Amma əvəzedici komanda ilə əsas komanda tam fərqlidir. Hər şey Cavadovun işindən asılı olacaq, baxacağıq hansı nəticələri qazanır, komanda necə oynayır. Biz duraq deyək ki, Vaqif, sən 3 il, 5 il burda qalacaqsan, yalan olar. Hər şey çempionatın gedişində qeydə alınacaq nəticələrdən asılı olacaq. Çətin olacaq? Bəli, çətin olacaq. Amma mən inanıram ki, Vaqif Cavadovda o güc var.
- Bilirik ki, futbol fanatı olan insansınız, “Sumqayıt”ın səfər oyunlarını da buraxmamağa çalışırsınız, hətta bizdə olan məlumata görə bəzən özünüzlə sakitləşdirici dərman da götürürsünz...
- Özüm texniki təhsil almağıma, Azərbaycan Texniki Universitetini bitirməyimlə yanaşı, ikinci təhsilim də var: İdman Akademiyasını da bitirmişəm. Beynəlxalq dərəcəli boks hakimiyəm. Özüm də keçmiş boksçuyam, boks camiəsi məni yaxşı tanıyır. Təəssüf ki, işimlə bağlı 2016-cı ildə boks hakimliyimi bir kənara qoymalı oldum. Həyat elə gətirdi ki, yenidən idmana qayıtdım, bura gələndən sonra futbola dəstək olmağa başladım. Futbol elə idman növüdür ki, adam həm dincəlir, zövq alır, həm də yorulur. Zövq ona görə alırıq ki, o sevinci azarkeşlərə yaşadırıq. Səmimi deyim ki, mən bu gün "Sumqayıt"ı çox sevirəm. Heç ağlıma da gələ bilməzdi ki, bu yaşdan sonra bir klubu - "Sumqayıt"ı bu cür, bu qədər sevə bilərəm. Bu gün də çox şadam ki, mən sumqayıtlıyam. Komanda ilə görüşəndə də iki sözümdən biri bu olur ki, biz burda Sumqayıtı təmsil edirik. Arxamızda 500 minlik əhalisi olan şəhər dayanır, böyük azarkeş camiəmiz var, onları pərişan etməyək. Bu gün “Sumqayıt”ın qazandığı uğur, Sumqayıtın uğurudur, Sumqayıtın adıdır. Hətta keçən il yeni gələndə demişdim ki, mən bütün Azərbaycanı (“)Sumqayıt(”)lı edəcəm. Necə? Biz davamlı avrokuboklarda çıxış etsək, özü də uğurlu çıxış etsək, bütün Azərbaycan bizə azarkeşlik edəcək. O ki, qaldı dərman məsələsinə, əsəbləşəndə adamın təzyiqi qalxır, mənim də təzyiqim çox yüksəkdir, amma bizim komanda üçün hər şey qurbandı.