"Qış fasiləsində hücumçu axtarışı çox çətindir. Üç oyunçuya təklif göndərdik, gəlmək istəmədilər".

Rekord.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində deyib.

43 yaşlı mütəxəssis bildirib ki, onların hər üçü əcnəbidir: "Biri Macarıstanda oynayan gürcü futbolçudur. Dedi ki, çempionatınızı izləyirəm, amma gəlmək istəmirəm.

Digəri İsveçrənin "Bazel" klubunun üzvüdür. Gənc olduğu üçün çox vaxt icarədə olur.

Oyunçuda perspektiv gördükləri üçün Azərbaycana göndərmək istəmədilər. Üçüncü hücumçu isə Ekvadorda çıxış edir, uruqvaylıdır. Klubu çox pul istədiyi üçün keçid baş tutmadı".

S.Abasov axtarışların davam etdiyini və daha bir forvardla danışıqlar apardıqlarını söyləyib.

Maraq üçün qeyd edək ki, bu gün günorta saatlarında bununla bağlı saytımızda xəbər getmişdi. Bildirmişdik ki, "Neftçi" 3 əcnəbi futbolçuya təklif göndərsə də hər üçündən imtina cavabı almışdı. 

https://rekord.az/news/neftci-bir-heftede-3-futbolcudan-imtina-cavabi-aldi/15814