“Qarabağ” Misli Premyer Liqasındakı qolsuzluq seriyasını 3-ə çatdırıb. 


Rekord.az PFL-ə istinadən xəbər verir ki, “Sabah” və “Qəbələ” ilə qolsuz heç-heçələrdən sonra Ağdam klubu 11-ci turda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzub.


Qurban Qurbanovun yetirmələri son 15 mövsümdə ilk dəfə belə seriya ilə üzləşib. “Qarabağ” sonuncu dəfə 2011/12 mövsümündə ardıcıl üç qarşılaşmada qol vurmayıb.


15 il 3 ay əvvəl – 2011-ci il avqustun 21-də “Kəpəz”i səfərdə 2:1 hesabı ilə məğlub etdikdən sentyabrın 24-də AZAL-ın meydanındakı 3:1 hesablı qələbəyədək Ağdam klubu üç qolsuz görüş keçirib. Evdə avqustun 27-də “Qəbələ, sentyabrın 17-də “Xəzər Lənkəran”a eyni – 0:1 hesabı ilə uduzan komanda sentyabrın 11-də Sumqayıtda eyniadlı komanda ilə heç-heçə edib – 0:0.


“Qarabağ”ın Azərbaycan çempionatlarındakı ən uzun qolsuz seriyası 4 matçdan ibarətdir. Belə seriya 2 dəfə qeydə alınıb. Ağdam klubu daha bir görüşdə fərqlənə bilməsə, bu antirekordu təkrarlayacaq.


Qeyd edək ki, “Qarabağ” həm də ardıcıl 4 oyunda qələbə qazanmamaqla son 11 mövsümdə ilk dəfə belə halla üzləşib. Ağdam klubu sonuncu dəfə 2015/16 mövsümündə belə seriya yaşayıb.