"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
- 22:40
- 32
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 11-ci turunda "Şamaxı" ilə heç-heçə etdikləri matçı (2:2) şərh edib.
Rekord.az xəbər verir ki, litvalı mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
"Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. Hər oyuna qələbə üçün hazırlaşırıq. Bu gün enişli-yoxuşlu matç keçdi. İlk 20 dəqiqədə oyuna nəzarət edirdik, sonradan vəziyyət dəyişdi. Tam üstünlük qura bilmədik və rəqibə əks-hücumlar üçün imkanlar verdik. 2:2 hesabı azarkeşlər üçün maraqlı görünə bilər. Qələbə qazana bilərdik, amma rəqib də qol vura bilərdi. Hazırda turnir cədvəlinin ilk beşliyindəyiksə, bu nəticə bizim üçün qəbuledilməzdir.
Üç gün əvvəl Çempionlar Liqasında oynamışdıq. Orada müəyyən qaydalar var və onlara əməl olunur. İstərdik ki, daxili oyunlarda da eyni yanaşma tətbiq edilsin. Xüsusi bir məsələ yox idi, hər şeyi hakimlə öz aramızda həll etdik. Hakimlikdən şikayətim yoxdur.
Üç-dörd günlük istirahət bizim üçün faydalı ola bilər. Çempionlar Liqasında oynamaq istəyirdik və bunun asan olmayacağını bilirdik. Noyabr-dekabr aylarının daha çətin keçəcəyini də anlayırdıq. Bu səviyyəyə uyğunlaşmaq üçün özümüz inkişaf etməli və möhkəmlənməliyik.
“Qarabağ” 12 ildir avrokuboklarda çıxış edirdi. Ötən mövsüm ÇL-də oynadılar. Onların təcrübəsi daha çox idi, bilirdilər ki, bu işlərin öhdəsindən gəlmək lazımdır. Biz isə yeniyik. Önəmlisi odur ki, fərqli iki heyətlə çıxış edirik. Bir heyətlə çıxış etsək, futbolçular bir-birini yaxşı başa düşər. Demirəm digərləri aşağıdır. Çox rotasiya edəndə anlaşma kifayət qədər yaxşı olmur, ən yaxşı performansı göstərmək asan deyil. Oyunçular bir-birilərini bəzən başa düşmürlər. Ötən mövsüm bizə 3-4 ay lazım gəldi ki, yüksəlişə keçək. 15-20 oyun oynadıqdan sonra futbolçular bir-birini daha yaxşı başa düşürdülər. “Vikinq”lə matçdan sonra burada eyni ritmi yaxalamaq asan deyil. Xüsusi resepti də yoxdur. Aptek deyil ki, dərman qəbul edəsən və ağrı keçsin. Kifayət qədər vaxtımız yoxdur. Vaxt olanda da səyahətə gedirik və ya bərpa ilə məşğul oluruq. İki həftəlik fasiləmiz olacaq. Çalışacağıq ki, oyunçular arasında bağı inkişaf etdirək”.