“Çempionatın ən gənc komandasıyıq” – Azər Bağırov
- 22:20
- 33
“Şamaxı”nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 11-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçə barədə bunları söyləyib:
"Zəfər Gününüz mübarək olsun. Bu gündə payı olan hər kəsə, xüsusilə cənab Prezidentə təşəkkür edirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. “Sabah”ın güclü komanda olduğunu bilirdik. Çempionatımızın ən yaxşı kollektivlərindən birinə qarşı oynayırdıq. Futbolçulardan mübarizə aparmağı tələb etmişdik. Meydanda əsl döyüş gördük. Bir xal qazandıq, daha çoxunu da əldə edə bilərdik. “Sabah”a uğurlar arzulayıram.
Məncə, bu gün bir xal qazandıq. Səfərdə “Sabah”a qarşı oynayırdıq. İtirilən xallar barədə düşünmək istəmirəm. Futbolçulara da dedim ki, mənim üçün əsas meydanda göstərdikləri oyun idi. Məğlub olsaydıq belə, komandamın çıxışından razı qalacaqdım.
Bir oyunu və bir hissəni çıxmaqla, 10 matçda yaxşı oynadıq. Ən çox xoşuma gələn məqam odur ki, öz meydanımızda müdafiəyə çəkilmirik, pressinq edir və oyuna nəzarət etməyə çalışırıq. Futbolçulara müasir futbol fəlsəfəsini aşılamağa çalışırıq. Çempionatın ən gənc komandasıyıq və daha çox yerli futbolçulara şans veririk”.