“Yuventus” İtaliya A Seriyasının 25-ci turunda SPAL-ı məğlub edib.

Rekord.az xəbər verir ki, 2:1 hesabıyla bitən görüş Turin təmsilçisinin hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olub. Belə ki, SPAL-la görüş 35 yaşlı futbolçunun peşəkar karyerasındakı 1000-ci matçı olub.

Ronaldo bu oyunlarda 725 qol vurub və 220 məhsuldar ötürmə edib. Portuqaliyalı hücumçu 5 dəfə də “qızıl top”u qazanıb.

Ronaldo karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real” kimi klubların da formasını geyinib.

Ronaldo bu oyunda qol vurmaqla da yeni uğura imza atıb. Belə ki, Kriştiano artıq ardıcıl 11-ci oyunda qol vurur. Bu isə A Seriyasındakı əvvəlki rekordun təkrarıdı. Daha öncə bu uğura “Fiorentina”nın hücumçusu Qabriel Batistuta (1994/95) və “Sampdoriya”dan Fabio Kvalyarella (2018/19) imza atmışdı.

Portuqaliyalı futbolçu daha öncə 11 oyunluq qol seriyasını “Real”ın heyətində İspaniya La Liqasında və UEFA Çempionlar Liqasında da müəyyənləşdirmişdi.