Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci hissəsinə bu həftə start veriləcək.

Rekord.az xəbər verir ki, “Qəbələ” 2021-ci ildə ilk oyununu “Zirə”yə qarşı keçirəcək.

14-cü turun qarşılaşması Bakıda baş tutacaq. Bu, ilk dövrədə 1:1 hesablı heç-heçə edən rəqiblərin ümumilikdə 23-cü dueli olacaq. İndiyədək komandalar 20 çempionat və 2 kubok matçında üz-üzə gəlib. Bu qarşılaşmalarda 9 qələbəsi olan “qırmızı-qaralar” eyni sayda heç-heçəyə nail olub və yalnız 4 dəfə uduzub. Rəqib qapısından 32 top keçirən “Qəbələ” 19 top buraxıb.

Bu oyunlarda “Qəbələ”nin ən məhsuldar oyunçusu 4 qola imza atan Aleksey Qaydır. Ermin Zets 3, Teo Uiks, Filip Ozobiç, Stiven Monroz, Davit Volkov, Rövlan Muradov və Fernan Lopes 2 qola sevinib. Ümumilikdə isə bu komanda ardıcıl 6 matçda meydanı qolsuz, 7 oyunda xalsız tərk etməyib.

Premyer Liqadakı 20 görüşdən yeddisində 3, doqquzunda 1 xal əldə edən “qırmızı-qaralar” 4 dəfə meydandan məğlub ayrılıb. Komanda 25 qol vurduğu matçlarda 17 top buraxıb.

Səfərdə 11 qarşılaşmaya çıxan “Qəbələ” rəqib meydanında 4 dəfə qalib gəlib, 3 dəfə məğlub olubsa, 4 matç sülhlə nəticələnib. “Qırmızı-qaralar” bu görüşlərdə 15 qol vurub və 11-ni buraxıb. 

Xatırladaq ki, “Zirə” - “Qəbələ” matçı yanvarın 21-də keçiriləcək.