Niyə son matçda vaxt apardıq? - qeyd
- 12:08
- 22
Mövzu açılmışkən bir məqama baxaq.
Lixtenşteynlə oyunun son dəqiqələrində oyunçuların, konkret Mahir və Emilin vaxt aparması məsələsi çox müzakirə olundu və məndən soruşulanda da eyni cavabı verdim: buna normal yanaşıram. Doğru olduğunu demirəm, təbii ki, səhvdir. Amma bunun şüuraltı məsələ olduğunu düşünürəm.
Mən yazım, qərarı siz verin.
Əvvəlcədən qeyd edim ki, məqsədim bu özlərinə futbolçu deyən bu yarımfabrikatları qorumaq deyil. Sadəcə reallıqlar var. Biz azarkeş kimi düşünürük, meydanda oynayanlar isə onlardır. Onlar başqa cür düşünür, hadisələri başqa baxış bucağı ilə görürlər. Bunu nəzərə almalıyıq.
Başlayaq.
Birincisi odur ki, bunların potensialı budur. Azərbaycan heç vaxt qabağına çıxana 4-5 top vuran komanda olmayıb, indi ümumiyyətlə o deyil. Bacarıq məsələsi var ortada. Rəqəmlər hər şeyi çox açıq göstərir. UEFA-nın rəsmi statistikasına əsasən Azərbaycan yığması Lixtenşteynlə matçlarda rəqib qapısına doğru 54 zərbə vurub: 26-sı Bakıdakı, 28-i səfərdəki oyunda. Çərçivəyə bundan yalnız 16-sı gedib (6 və 10). Bu o deməkdir ki, vurduqlarının heç 1/4-i qapıya getməyib. Qapını tutuzdura bilmirlər heç. Həmin o 16 çərçivə epizodundan isə cəmi 1 qol çıxara biliblər. 1 qol! Onu da standart vəziyyətdən, Mahir qarışıqlıqda vurub. Yəni bu adamlar bacarıqsızdırlar. Daha doğrusu, bacardıqları budur.
İkincisi, nağd və soğan məsələsidir. Bakıdakı 0:0-dan sonrakı tənqid-təhqir fırtınasını bir də yaşamaq, ağır söhbətləri bir də eşitmək istəməyiblər. "Nağd bu oyunu udaq, bir qolla da olsa qələbə qazanaq, sonrasına baxarıq" deyə düşünüblər. Prinsipcə, məntiq var bu fikirdə. Qələbə komandanı qrup lideri edir, minimum hədəfin öhdəsindən gəlinməsini təmin edirdi. Son dəqiqələrdə rəqib qol vura, bütün planı alt-üst də edə bilərdi. Riskdirmi? Bəli, riskdir. Ancaq buna rəğmən hücuma getmək lazım idimi? Bəli, lazım idi. Getdilərmi? Son 10 dəqiqədə millimiz 3 real qol epizodunu qaçırmışdı. Olmayanda olmur. Amma yenə də son şanslarından da istifadə etməli idilərmi? Bəli, çünki rəqib Lixtenşteyn idi.
Üçüncüsü, mükafat məsələsi. Milli, vətən, şərəf, qürur və başqa bu kimi mənəvi məqamlar öz yerində, amma hazırda oyunçuların 90 faizi yığmaya pul üçün gəlir. Bu bilinən şeydir, təkzibinə də ehtiyac yoxdur. Ordakıların hamısı qazanmaq məqsədilə meydana çıxır, bunun üçün çalışırlar. Qələbəsiz, nəticəsiz isə heç bir premiya-filan olmur. Odur ki, bir oyunda qələbə həm də qrup liderliyini təmin edəcəksə, hər kəs ilk növbədə bunu istəyəcək.
Bu qədər.
Mən bu komandanın pley-offda oynamaq istəmədiyi fikrini qəbul etmirəm. İstəyirdilər, ancaq həm güc və bacarıqları buna imkan vermədi, həm də şüur altında işi türklər demiş, "qarantiyə aldılar". Durum budur. Biz buna etiraz edə, razılaşmaya, tənqid edə, günahlandıra bilərik, amma bu günün reallığı budur.
Azərbaycan yığması hər matçda qələbə qazanan bir komanda deyil. Bunu qəbul etmək lazımdır. Səviyyəmiz budur. Daha yaxşısını istəyirikmi? Təbii ki. Amma bunun üçün ilk növbədə futbolumuzun 30-40 ildir həll olunmayan problemləri həll olunmalıdır: uşaq futbolu, infrastruktur, kadr çatışmazlığı, qeyri-peşəkarlıq və s...
Düzəldək, hazırlayaq, sonra uğur gözləyək.
Kənan Məstəliyev